Prezidentli idarəetmə sistemi dünyanın super gücləri sayılan Amerika Birləşmiş Ştatlarında, o cümlədən Rusiyada da var. Bura Fransanı və bəzi dövlətləri də əlavə edə bilərik.
Parlamentli sistem qüvvələr nisbəti baxımından yaxşı alternativdir. Siyasi qeyri-sabitlik baş göstərən zaman koalisiya modelləri sınanır. Ancaq təəssüf ki, Türkiyə üçün koalisiyanın gözəl nümunələri yoxdur, əksinə hər zaman siyasi problemlərin səbəbləri arasında yer alıb.
Şübhəsiz ki, hər sistemin bəzi çatışmazlıqları ola bilər. Mühüm olan həmin sistemin öz içərisində tarazlıq mexanizmini yarada bilməsidir.
İşin anormal tərəfi odur ki, ana müxalifət partiyası olan CHP özü də parlamentli sistemin Türkiyədə uğurlu olduğunu söyləyə bilmir, ancaq prezidentli idarəetməyə qarşı çıxır.
Açıq etiraf eləmək lazımdır ki, hazırki siyasi sistem Türkiyənin önünü kəsməkdədir. Keçmişə baxsaq görərik ki, mərhum Turqut Özəl və Süleyman Dəmirəl prezident seçildikləri zaman dövlət başçılığı modelini ciddi müzakirəyə çıxarmışdılar. İndi də görülməkdədir ki, güclü baş nazirlər mövcud sistem içində prezident mövqeyinə çatdıqlarında məsələni həmişə gündəmə gətirirlər.
Şübhəsiz ki, prezidentlik sistemi olarsa, dövlət qurumları öz işlərini rahat və sürətlə görər, ölkə də dərindən nəfəs alar. Yaxın zamanda böyük bir ehtimalla referenduma gediləcək, xalqın razılığı alınandan sonra idarəetmədə lazımi dəyişikliklər ediləcək.
Prezidentli idarəetmə ilə bağlı bəzi müxalif liderlər ciddi şübhələri olduğunu bildirirlər. Xüsusilə CHP lideri Kamal Kılıçdaroğlu, “prezidentlik sisteminin gəlməsi ilə Türkiyə sultanlıq rejiminə keçid edəcək” deyərək, diqqətləri Ərdoğana çevirməyə çalışır. Kılıçdaroğlu deyir ki, “Ərdoğan diktator olacaq, prezidentlik sistemini də özü üçün istəyir”. Maraqlısı odur ki, cənab müxalifət lideri necə belə əmin danışa bilir.
Ümumiyyətlə ana müxalifət partiyası nə prezidentli, nə də parlamentli sistem barədə xalqa heç nə izah etmir. Heç bu cür mövzuların müzakirə edilməsini də istəmir. Halbuki cənab Kılıçdaroğlu 15 iyul uğursuz çevrilişdən sonra Yenikapı mitinqi zamanı 5 milyon insana səslənərək hakimiyyətin mənbəyinin xalq olduğunu söyləmişdi. Bu açıqlamalar xalqı ruhlandırmış və insanlar türk siyasətində nələrinsə müsbətə doğru dəyişdiyi fikrinə qapılmışdı. Lakin çox qəribədir ki, Kamal Kılıçdaroğlunun korteji Artvin vilayətində PKK-nın silahlı hücuma məruz qaldıqdan sonra, ana müxalifət partiyasının lideri birdən-birə fikir dəyişdirdi və 15 iyul gecəsi olan çevriliş hadisəsinin arxasında AKP hökumətinin, birbaşa prezident Ərdoğanın dayandığını söylədi.
Təəssüflər olsun ki, CHP-nin ölkədəki problemlərin həllinə yönəlik konkret planı yoxdur. Hətta milli məsələlərdə belə milli mövqe göstərə bilmir. Demokratiyaya olan inancını itirib, xalqla yaxınlaşmağı heç cür bacara bilmir. Əba altından çubuq göstərib, davamlı olaraq insanlarda qorxu yaratmağa çalışır.
Cümhuriyyətin qurucu partiyası olmasına baxmayaraq, bu gün CHP üzdə yox, sözdə Atatürkçülüklə məşğuldur. Bu partiyanın Anadolu insanı ilə qan uyuşmazlığı davam edir, o cümlədən də kürd cəmiyyəti ilə əlaqələrini qopardıb. Təsəvvür edin, Diyarbəkirin provkativ bələdiyyə sədri, HDP vitse-sədri Gültan Kışanak terrorla mübarizə çərçivəsində həbs edilir, buna ilk reaksiyanı CHP verir. Halbuki HDP-li bələdiyyələrin PKK terrorçularına yardım etdiyi faktlarını CHP dilə gətirmir. Nə şəhid ailələrinin kədərlərini bölüşür, nə də PKK ilə mübarizə aparan təhlükəsizlik qüvvələrinə motivasiya verir. Əksinə cənab Kılıçdaroğlu verdiyi bəyanatlarla əsgərimizin, polisimizin mübarizə əzmini qırmağa çalışır. Ana müxalifət partiyası PKK ilə yaxınlıq edən HDP partiyası ilə eyni cizgidə siyasət aparır.
Rus döyüş təyyarəsi hava məkanımızı pozduğu üçün vurularkən, Türkiyəni tənqid edən Kamal Kılıçdaroğlu, İraqın şimalındakı Başika hərbi bazasındakı türk əsgərlərinə də işğalçı deyir. Bir sözlə, hökumətin ağ dediyinə qara deyərək yaxşı və güclü müxaliflik etdiyini düşünür. Lakin xalqdan heç cür qarşılıq ala bilmir. Bu gün Atatürkün partiyasının düşdüyü vəziyyət həqiqətən ürəkağrıdıcıdır.