BAKI, 1 noy-Sputnik. OPEC-in noyabr iclasında razılıq əldə edilməsə, bu, neft bazarında tənzimləyici funksiyası olan bir təşkilatın nüfuzuna xələl gətirən bir addım olar.
Bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik-ə açıqlamasında deyib.
Ekspert bildirib ki, OPEC 2008-ci ildən indiyədək kvotaları dəyişməyib: “İlk hadisədir ki, OPEC bazardakı kvotalarını dəyişməyə cəhd edir. Əslində bunun üçün də iqtisadi səbəblər çoxdur. Çünki, bazarda təklif kifayət qədərdir. Bu təklifi azaltmaq lazımdır ki, neftin komfortlu qiymət diapazonuna keçid baş versin. 700 min barel hasilatı azaltmasalar, bu mümkünsüzdür. Bunun uzun müddətli olmasa da müəyyən müddət təsir etmək imkanı var. Yəni, 50-55 dollar səviyyələrində bazarda qiymətləri saxlamaq imkanı var”.
O, bildirib ki, təşkilat təklifin azaldılması üçün ciddi cəhd etməlidir: “OPEC strateji hədəfləri qarşısına qoyan təşkilatdır. Bu təşkilat yaranmayıb ki, neftin qiymətini hər gün korreksiya etsin və bununla da öz işini bitirsin. Hazırda OPEC-in vəzifəsi konsensusu tapmaqdır, özünün builki yekun konfransında qarşıya qoyduğu Əlcəzair görüşündəki razılaşmanı yekunlaşdırmaqdır. Əks təqdirdə bu, birjalara çox mənfi təsir edəcək və ilin sonunda neftin qiyməti təkrar 42-41 dollaradək ucuzlaşa bilər”.
Qeyd edək ki, Dünyanın iri maliyyə xidmətləri şirkəti olan “Goldman Sachs Group Inc.”in hesabatına görə, OPEC-in bu ay keçiriləcək konfransında neft hasilatının azaldılması ilə bağlı razılaşma ehtimalı getdikcə azalır, əgər razılığa gəlinməzsə, neftin qiymətləri 40 dollara yaxın səviyyələrə qədər ucuzlaşa bilər.
Goldman analitiklərinin hazırladığı hesabatda bildirilib ki, hasilat kvotalarının tətbiq edilməsi müddətində hər hansı irəliləyişin olmaması və OPEC üzvləri arasında getdikcə artan narazılıq noyabrın 30-da razılığın əldə olunması ehtimalını azaldır.
Hesabatda deyilib ki, indiyədək razılığın əldə edilməməsi neftin qiymətlərini sərt bir şəkildə aşağı çəkib. OPEC ortaya inandırıcı bir razılaşma qoya bilməzsə, neftin qiymətləri 40 dollara yaxın səviyyələrə qədər ucuzlaşacaq.