BAKI, 31 okt-Sputnik. Psixoloqlar uşaqlar üçün ən zərərli cizgi filmlərini müəyyənləşdiriblər.
Mütəxəssislər valideynlərin diqqətinə çatdırırlar ki, balaca uşaqlar ekranda baş verənlərin hamısına inanırlar. Bununla yanaşı onlar tez-tez xoşlarına gələn hərəkətləri təkrarlamağa çalışırlar. Uşaqlar üçün bunun real insan, yaxud da uydurulmuş personaj olması vacib deyil.
Sputnik xarici mediaya istinadla xəbər verir ki, psixoloqlar ən zərərli cizgi filmi “Maşa və ayı”nı hesab edirlər.
Onlar izah edirlər ki, bu cizgi filminin baş qəhrəmanı – balaca qız Maşa bütün kaprizləri və biabırçı davranışları öz simasında cəmləşdirib.
Antireytinqdəki ikinci yeri Amerika cizgi filmi olan «Bədheybət Hay» (Monster High) tutur.
Bu onunla bağlıdır ki, sözügedən cizgi filmində həddindən çox jarqonlar var. Bu isə uşaqların lüğət ehtiyatının formalaşmasına mənfi təsir göstərir.
Üçüncü yerə psixoloqlar “Süngər Bob kvadrat şalvar” (Square Pants Spongebob) cizgi serialını qoyurlar. Buna səbəb sözügedən cizgi serialının qəhrəmanının çox münaqişəli personaj olmasıdır.
Bob daim öz istəklərinə uyğun hərəkət etməyə çalışır, dostları ilə mübahisə edir və onları söyür.
Mütəxəssislər “Tom və Cerri” cizgi filminin də neqativ təsirlərinin olduğuna əmindirlər. Psixoloqların izahatına görə, sözügedən cizgi filmində siçan daim pişik Tomu lağa qoyur və onun başına oyun gətirir. Tomun isə cavabı olduqca aqressiv olur.
Mütəxəssislər valideynlərə məsləhət görürlər ki, uşaqlarının hansı cizgi filmlərinə baxdıqlarına diqqət yetirsinlər. Və əgər cizgi filmində hansısa neqativ çalarlar varsa, onları pozitivlərlə əvəz etsinlər.