Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, dövlət rəsmiləri və digər qonaqlar iştirak ediblər.
Üç hissədən ibarət layihənin 1-ci bölümündə qonaqlar teatrın foyesində qurulmuş “Azərbaycan musiqisi tarixinə səyahət” adlı sərgi ilə tanış olublar. Sərgidə qonaqlar Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi tərəfindən layihədə sərgilənmək üçün təqdim edilmiş qədim musiqi alətləri olan cəng, çəqanə, rud və s., eyni zamanda Bakı Milli Geyim Evi tərəfindən hazırlanmış qədim və milli geyimlərlə tanış olublar. Burada həmçinin milli ornamentli xalçalarımıza baxış keçirib, milli və tətbiqi sənət nümunələri nümayiş etdirilib.
Daha sonra teatrın zalında “Sarı gəlin” mahnısının tarixçəsi haqqında hazırlanmış videomaterialın təqdimatı keçirilib. Videomaterialda “Sarı gəlin” layihəsinin elmi rəhbəri, AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadənin mahnının yaranma tarixi haqda təqdim etdikləri faktlar müsahibələr şəklində nümayiş etdirilib.
Filmdən sonra isə, “Sarı gəlin” tamaşası təqdim olunub. Gənclər və İdman Nazirliyi tərəfindən təqdim olunmuş layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması, adət və ənənələrin onlar tərəfindən qorunub saxlanması və təbliğ edilməsidir. 150 nəfərə yaxın tələbə və aktyorun iştirakı ilə hazırlanmış “Sarı gəlin” tamaşasının rejissoru respublikanın əməkdar artisti Nicat Kazımovdur.
Qeyd edək ki, “Sarı gəlin” mahnısı oğuz igidlərindən biri olan Xaqan adlı gəncin Flavian adlı (Flavian sözünün yunancadan tərcüməsi “sarı” deməkdir. Adın Azərbaycan versiyası Saradır) yunan gözəlinə olan sevgisindən yaranmış bir eşq naləsidir. Flavianın atası, qızını siyasətin qurbanına çevirərək, Lakabos adlı yunan sərkərdəsinə ərə vermək istəyir. Bundan xəbər tutan Xaqan qızı qaçırır. Az sonra, Xaqan toy rüxsəti almaq üçün Qazan xanın yanına gedir. Bundan istifadə edən Lakabos Flaviana sahib çıxmağa çalışır. Öz təmiz sevgisini ləkədən qorumaq üçün, Flavian özünü Arpa çayına atır və elə bu hadisədən də, Azərbaycan musiqisinin daha bir incisi “Apardı sellər Saranı” mahnısı yaranır.