BAKI, 28 okt-Sputnik. Qadınlar, yaxud da kişilər niyə həyat yoldaşlarını başqaları ilə dəyişir, yaxud onlara xəyanət edirlər? Bu sual əsrlərdir verilir və hələ də konkret cavabı yoxdur. Amma bu suala cavab axtaran britaniyalı sosioloqlar maraqlı nəticələr əldə ediblər.
Sputnik xarici mətbuata istinadla xəbər verir ki, bu yaxınlarda Britaniya saytlarından birinin keçirdiyi sorğu sözügedən məsələ ilə bağlı əsas məqamları üzə çıxarmağa yardım edib.
Sən demə, valideyn tərbiyəsi insanın gələcək həyat yoldaşı ilə münasibətdə sədaqətli olub-olmamağı təyin edir.
Britaniya saytı 1000 nəfər (50/50 qadın və kişi) arasında sorğu keçirib. Respondentlərə bu sual verilib: onları həyat yoldaşlarını başqası ilə dəyişməyə nə vadar edir?
Sorğunun nəticəsində məlum olub ki, qadınların 71%-i öz tərəfdaşlarını ona görə başqaları ilə dəyişirlər ki, onların anaları da öz ərlərini aldadıblar.
Müqayisə üçün bildirək ki, kişilərin yalnız 45% —i öz həyat yoldaşlarını dəyişməyi və həyat yoldaşına sadiq olmamağı öz atalarından öyrəndiklərini deyiblər.
Sorğuda iştirak edən qadınların 66% —i ərini sevdiyi başqa birisi ilə əvəz etməyə hazır olduğunu bildirib. Onlar analarının da bu yola əl atdıqlarını qeyd ediblər.
Bununla belə, kişilərin 83%, qadınların isə 89%-i etiraf edib ki, həyat yoldaşını başqası ilə dəyişməyi qəbul edə bilmirlər və bunu əxlaqsızlıq hesab edirlər.
Sosioloqlar yekunda bu qənaətə gəliblər ki, xəyanət heç də təkcə valideyn tərbiyəsi, yaxud da əxlaqi məsələlərlə əlaqədar deyil. Sorğuda iştirak edənlərin az hissəsi etiraf edib ki, onların xəyanəti fiziki tələbat və mənəvi ehtiyacdan doğur. Sosioloqlar cəmiyyətlərdəki əxlaq sisteminin cinslərarası münasibətlər üzərində ciddi təsirə malik olduğu tezisini müdafiə etsələr də, tibb sahəsinin mütəxəssisləri ilə də razılaşırlar. Tibb sahəsinin mütəxəssisləri cinsi münasibətlərin və cazibənin fiziki tələbatla əlaqədar olduğunu qeyd edirlər.
Britaniyalı psixoloqlar isə o fikirdədirlər ki, insanların xəyanəti daha çox mənəvi-psixoloji amillərlə bağlıdır. Onlar sevgi münasibətlərini və cinsi istəkləri əxlaqla bağlamağın qəti əleyhinədirlər. Hesab edirlər ki, dünyada milyonlarla insan tərbiyə və əxlaq sisteminin daşlaşmış stereotipləri nəticəsində psixoloji travma alır, həyatdan nakam gedirlər.