Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 27 okt — Sputnik. Azərbaycan xalqının memarlıq, habelə təsviri və tətbiqi incəsənətinin çox qədim tarixi var. Hələ eramızdan bir neçə min il əvvəl bu ərazidə yaradılan qayaüstü rəsmlər (Qobustan və Abşeron təsvirləri), daha sonralar Qafqaz Albaniyası dövlətinin ərazisində tikilən möhtəşəm qala divarları, saray və məbədlərin qalıqları buna misaldır.
Memarlıqla yanaşı Azərbaycanın şəhərlərində xalq dekorativ tətbiqi sənəti də yüksək inkişaf dövrü keçib. Müxtəlif materiallardan və texniki vasitələrdən istifadə edən xalq sənətkarları gözəl xalılar, təkəlduz örnəkləri, toxuma parçalar, gil qablar, zərgərlik və misgərlik nümunələri, daş, ağac və metal və sair tətbiqi sənət örnəkləri yaradıblar.
XVIII-XIX əsrlərdə milli dekorativ tətbiqi və miniatür sənətimizin mütərəqqi ənənələri divar rəsmlərində, həmçinin kitab tərtibatında davam etdirilib. XIX əsrin ortalarında Rusiya və Qərbi Avropa ilə mədəni əlaqələrin genişlənməsi ilə əlaqədar olaraq Azərbaycan incəsənətinin müxtəlif sahələrində canlanma baş verir. XX əsrin əvvəlində isə Azərbaycan təsviri sənətində yeni sənət janrlarına — satirik qrafika, illüstrasiya, portret və mənzərə janrlarına meyl artmağa başlayıb.
Günümüzdə də belə sənət növləri ilə məşğul olanlar var, amma barmaqla sayılası qədər. Onların arasında həvəskar rəssamlar və müxtəlif dekorativ sənətkarlıqla məşğul olanlar var.
1949-cu ildə Cəlilabad rayonunda doğulan Yusif Əliyev babasından qalma qədimi sənəti yaşadanlardandır. O, bu peşəni hobbisi hesab etsə də, düzəltdiyi bəzək əşyaları insanı valeh edir.
"Orta məktəbdə ingilis dili müəllimi işləyirdim, indi təqaüdə çıxmışam. Hələ biz uşaq olanda rəhmətlik babam taxtadan müxtəlif oyuncaqlar, qaşıqlar hazırlayırdı. O da başqa sənət sahibi olub və mənim kimi həvəskar olaraq bu peşə ilə məşğul olub", — deyir usta.
O, gündəlik istifadə edib atılan müxtəlif əşyalardan suvenirlər hazırlayır: "Birdəfəlik üzqırxandan birləşdirmə üsulu ilə samovar təsviri düzəltmişəm, istifadə olunub atılan dezodorant qabı, konserv qutusu və atılan çilçırağın bir fincanını, yapışdırma üsulu ilə masaüstü şamdan, atılan gecə elektrik lampasının altlığında başqa bir şamdan, bundan əlavə qəssabdan aldığım inək sümüyünün üzərinə muncuqlardan bəzək vurmaqla suvenir düzəltdim. Evimizdə işləməyən sərinkeş, oturacaq ayaqları və siyirtmələrdən istifadə etməklə, qədim türk çalğı aləti olan dombra, həmçinin elektrik fənərinin bir hissəsi və qapı dəstəklərindən istifadə edərək milli çalğı alətimiz olan kamança hazırladım".
Y. Əliyev bitki toxumlarından yararlanaraq rəsm əsərləri də çəkir: "Burada vəzəri, keşniş, soğan, qarağac kolunun toxumu, yemiş dənəsi və digər tərəvəz və bitkilərin toxumlarından istifadə edib rəsmlər yaradıram. Hazırladığım rəsmlər arasında Nizami Gəncəvinin "Leyli və Məcnun"unda Fitnənin öküzü kürəyinə qaldırması, "Əsli və Kərəm", "Azərbaycan gözəli", "Kamança ifa edən qız"dan hissələr, eləcə də mərhum prezident Heydər Əliyevin və prezident İlham Əliyevin portretləri var. Bundan başqa, muncuqlardan və xırda plastiklərdən ibarət Azərbaycan Respublikasının dövlət gerbi və dövlət bayrağını hazırlamışam".
"Bir rəsm və ya portret 10-17 günə, bəzən isə 25 günə başa gəlir. Bu da işdən asılıdır. Çətin portretlər daha çox vaxt tələb edir", — sənətkar bildirir.
Məlumat üçün qeyd edək ki, Y. Əliyevin hazırladığı əşyaların rayonda sərgisi də keçirilib. Son zamanlar sifarişlərin artdığını deyən ustanın sözlərinə görə, yaratdığı portretlərin qiymətləri 200-500 manat arasında dəyişir.