Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 5 okt — Sputnik. Misgərlik qədim Dəmir dövründən qalma və hələ də yaşadılan xalq sənətidir. E. ə. VI minillikdə mis əldə edildikdən sonra, ondan müxtəlif əşyalar hazırlanıb. Bu sənətin təşəkkülü orta əsrlərdə böyük şəhərlərin meydana çıxmasına və onların misgərlik mərkəzinə çevrilməsinə gətirib çıxarıb.
Azərbaycanda bu sənətin tarixi çox erkən dövrlərə gedib çıxır. Bunu Avropa və Rusiya muzeylərində saxlanılan tarixi eksponatlar da sübut edir.
Misgərlik sənətinin Azərbaycanda əsas mərəkəzləri Təbriz, Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil və Lahıc (İsmayıllı) olub. Artıq XIX əsrdən başlayaraq Lahıc misgərlik sənətinin əsas mərkəzinə çevrilib.
Misgərlik sənəti dövrümüzdə də yaşadılır. Masallının Boradigah qəsəbəsində yaşayan Ağayev Taleh Nurəddin oğlu bu gün ölkəmizdə bu sənəti yaşadan az sayda ustalardan biridir. Usta Taleh nəinki Masallıda, bütün cənub bölgəsində tanınır.
Ustanın emalatxanasında ilk rastlaşdığın əşyalar mis və bürünc qablar, samovarlar və qədimi qazanlardır. Bu mənzərə muzeyi xatırladır.
1967-ci ildə Ağdamda anadan olan T. Ağayevin ailəsi elə həmin il Boradigaha köçür: "Bizim əslimiz İsmayıllının Lahıc kəndindəndir. Rəhmətlik atam Lahıcda misgər işləyib, sonra köçüb Ağdama, oradan da Masallıya. Atam və ustam olan Nurəddin kişi öz dövrünün ən tanınmış və gözəl misgərlərindən idi".
"Uşaqlığım atamın emalatxanasında keçib və uşaq vaxtlarından atamın necə işlədiyinə baxa-baxa öyrənməyə başladım. 17-18 yaşlarımda isə artıq sərbəst şəkildə misgərlik edirdim", — deyir usta.
Həmsöhbətimiz mis qabların necə hazırlanmasını da izah edir: "Mis, yaxud bürünc material müxtəlif qabların formasını alır, sonra onun üzərində diyircəkli qələm və ya markerlə eskizini çəkirəm. Ardınca onun bəzəklərini döymə üsulu ilə işləyirəm. Yaxud da əksinə, öncə qabın bəzəyi hazırlanır, sonra döyülərək formaya salınır".
"Əvvəllər rəhmətlik atam və biz 4 qardaş birlikdə işləyirdik. Sonra o biri qardaşlarım sənətlərini dəyişdilər, yalnız mən öz dədə-baba sənətimizə sadiq qaldım və davam etdirdim. Sovet dönəmində işimiz, sifarişlərimiz çox olardı. Ən çox sifarişlər Lənkəranın kəndlərindən gəlirdi. Elə Lənkəranın özündən də müştərilərimiz az deyildi. Əsasən, mis məcməyilər tələb olunurdu". — misgər danışır.
SSRİ dağılandan sonra yaranan vəziyyət onun peşəsinə də öz təsirini göstərir: "Müştərilərin sayı kəskin şəkildə azaldı. 2000-ci illərdən bu sənət yenidən dirçəlməyə başladı. Əvvəlki kimi olmasa da, hazırda pis-yaxşı dolanırıq. Hazırda sifarişlərin çoxu rayon rəhbərliyindən gəlir".
Usta sənətin "kaprizlərinə" də toxunur: "Bürünc səhvi bağışlamır. Misə nisbətən daha yumşaq, yəni daha elastik metaldır. Ona görə də bürüncdən qabların hazırlanması daha çox vaxt və diqqət tələb edir. Bürünc qablarda bəzək döymələri vurarkən, daha çox dəqiqliklə işləmək lazım gəlir. Qabların üzərinə ən çox milli ornamentlərdən olan buta naxışları döyürəm. Bəzən də müştərilərin istəklərinə əsasən başqa təsvirlər həkk edirəm. Məsələn, kimisi qız şəkli istəyir, kimisi rayonumuzun simvolunu və sair".
T. Ağayev samovarların, əntiq metal qabların təmiri ilə də məşğul olur, müştərilərin istəyinə uyğun olaraq köhnə qabları qalaylayır. İşinin qiymətini də gizlətmir: "Bir məcməyinin qiyməti, ölçüsündən və materialından asılı olaraq 50-150 manat, meyvə qabı 250 manat, qapaqlı mis qazanın hazırlanması 50-200 manat arasındadır. 20-40 manata isə təmiri başa gəlir".
Məlumat üçün bildirək ki, misgər Taleh Ağayevin xarici ölkələrdən də müştəriləri olur. İrandan, Rusiyadan, Türkiyədən və hətta Almaniyadan da ona sifariş verənlər var. Xüsusilə qeyd etmək yerinə düşər ki, ustanın hazırladığı qapaqlı plov qazanı Rusiyada yaşayan həmyerlilərimiz tərəfindən alınaraq, Sankt-Peterburq merinə hədiyyə edilib.