BAKI, 26 okt-Sputnik. "Anlaşılmazlıq baş verib, başqasının sözünü mənim adıma yazıblar". Bunu Sputnik-ə müsahibəsində "Vətənpərvərlər alyansı"nın (Gürcüstanın parlament partiyasıdır) liderlərindən biri David Tarxan-Mouravi, KİV-də səhvən onun adından yazılmış ifadə ilə əlaqədar yaranmış qəliz situasiyaya aydınlıq gətirərkən deyib.
Söhbət onun adından yazılmış "Azərbaycan Marneulini ələ keçirə bilər" ifadəsindən gedir. Tarxan-Mouravi qeyd edib ki, Gürcüstanın "Vətənpərvərlər alyansı" partiyası bu il parlamentə keçirilən seçkilərdə azərbaycanlıları deputatlığa namizəd göstərib.
"Bundan sonra mən necə belə söz deyə bilərəm? Mən bu gün bütün günü təkzib etməli olmuşam, özüm də bilmirəm nəyi? Buna mütləq son qoyulmalıdır", — deyə partiya nümayəndəsi qəzəblə bildirib.
Sputnik-in həmsöhbəti əlavə edib ki, Azərbaycanla Gürcüstanın strateji əlaqələri var: "Bu iki ölkə arasındakı enerji layihələri həyati əhəmiyyətlidir. Və bu yüzilliklər ərzində də belə olacaq".
Tarxan-Mouravi deyib: "Tamamilə aydındır ki, biz nəinki isti münasibətlərin, həm də daha yaxın münasibətlərin inkişafına strateji maraq göstəririk. Bizim qarşılıqlı inkişafımız bir-birimizdən asılıdır".
"Bu çox müsbət məqamdır və biz ona görə də, həmişə gürcü-azərbaycanlı əlaqələrini dəstəkləmişik", — deyə "Vətənpərvərlər alyansı"nın lideri bildirib.
Bir müddət əvvəl Eurasianet saytında ingilis dilində "Georgia: Disillusion with Establishment Fuels Rise of Populism" adlı məqalə dərc edilib. Orada Azərbaycanın Marneulini ələ keçirə biləcəyi barədə fikir yer alıb. Amma o fikrin müəllifi Gürcüstanın "Vətənpərvərlər alyansı" partiyasının nümayəndəsi David Tarxan-Mouravi yox, öz sözlərində "Vətənpərvərlər alyansı"nın nümayəndəsinin adını xatırladan hansısa Qoderdzi Şeşelidzedir.