Ötən həftə İran və Ermənistan arasında bu ölkədən İran qazının tranzitinə dair razılıq əldə olunandan sonra İran Gürcüstanla sınaq üçün qısa müddətli müqavilə imzalayıb. Müqavilə İranın Milli Qaz şirkəti ilə Gürcüstanın GIEC qaz şirkəti arasında imzalanıb. Müqavilənin vaxtının uzadılması və böyük həcmdə qazın Gürcüstana nəqli məsələsi Ermənistandan lazımı icazələr alınandan sonra mümkün olacaq.
Məsələ ilə bağlı SOCAR-ın Gürcüstandakı törəmə şirkəti olan "SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov APA-ya bildirib ki, bu, SOCAR-ın Gürcüstana tədarük etdiyi qazın həcminə təsir etməyəcək: "Əgər Gürcüstan əlavə qaz həcminə ehtiyac duyursa, onu cəlb etməyə tam ixtiyarı var. Bizim Gürcüstan hökuməti ilə 2025-ci ilə qədər müqaviləmiz var. Müqaviləyə görə, "SOCAR Energy Georgia" Gürcüstanın bütün sosial sektorunu təbii qazla təmin edəcək. Əgər müəyyən dövr ərzində bəzi səbəblər üzündən biz qaz tələbatını ödəyə bilməsək, Gürcüstan tərəfinin başqa mənbələrdən qaz tədarük etmək imkanı var".
Baş direktor bildirib ki, hər il Gürcüstan bazarında qaza olan tələbat 8-9% artır. "Əgər bu qaz Azərbaycan qazından ucuz olacaqsa, onu tədarük etmək mümkün olacaqsa, aydın məsələdir ki, rəqabət olacaq. Amma Gürcüstan bazarı çox kiçikdir və Azərbaycanın Gürcüstan tərəfi ilə bağladığı müqavilələr bizə tamamilə rahat fəaliyyət göstərməyə imkan verir", — deyə Mahir Məmmədov bildirib.
İqtisadçı-ekspert Vüqar Bayramlı isə "Sputnik"ə açıqlamasında bildirib ki, bu, Ermənistanın tranzit ölkə kimi iştirak etdiyi ilk layihədir: "Burada söhbət tranzit layihə olaraq kiçik bazara çıxmaqdan gedir. Gürcüstan bazarına ötürülən mavi qazın həcmi də kiçik olacaq. Bazar kiçik olduğuna görə, Ermənistanın əldə edəcəyi gəlir də böyük olmayacaq".
Vüqar Bayramlının sözlərinə görə, İran qazının Gürcüstana nəqli Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələrin sıxışdırılmasına gətirib çıxarmayacaq. "Bu baş verməyəcək, çünki Azərbaycanın reallaşdırdığı layihələrin miqyası və həcmi daha böyükdür", — deyə o bildirib.
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə isə, Gürcüstan çoxdandır bununla bağlı danışıqlar aparır: "O, öz bazarını diversifikasiya etmək — çoxşahəli modelə keçmək istəyir. Gürcüstanda qazla işləyən yeni bir elektrik stansiyası tikilib və onun fəaliyyəti üçün hər il daha 500 milyon kub metr qaz lazımdır".
Ekspert hesab edir ki, bu addımla Gürcüstan Azərbaycandan asılılığını azaltmağa çalışır: "Gürcüstanın okeana çıxışı var, sabah sıxılmış qaz təklif edən ölkələr də ola bilər. Gürcüstan qiymət rəqabəti yaranarkən daha ucuz kim təklif edəcəksə ondan almağı düşünür və Azərbaycandan asılılığını azaltmaq istəyir. Əslində, Gürcüstanın atdığı addım budur. Təbii ki, bu addımdan sonra Azərbaycan və Gürcüstan arasında qaz müqavilələri və qiymətlərlə bağlı danışıqlar olanda bu faktor önəmli rol oynayacaq və Gürcüstan Azərbaycandan daha ciddi güzəştlər tələb etmək imkanı qazanacaq. Bu anlamda bu addımın Azərbaycana təsirləri olacaq".
Qeyd edək ki, İranın neft naziri Bijən Namdar Zəngənə ötən həftə elan edib ki, İran Ermənistan ərazisindən Gürcüstana qazın tranzitinə dair sınaq müqaviləsini tezliklə icra edəcək.