BAKI, 25 okt — Sputnik. Tanınmış avarçəkənlər Valentin Demyanenko və İnna Osipenko-Radomskaya karyerasını başa vurub. Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
kraynalı legionerlər yaşlarının çoxluğu səbəbindən bu addımı atıblar. Qeyd edək ki, 33 yaşlı Demyanenko 2007-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edib və yığmanın heyətində yer alıb. O, geridə qalan 8 il ərzində 3 dəfə dünya çempionu və 4 dəfə Avropa çempionu adına sahib çıxıb. "Rio-2016"nın gümüş medalçısı "Bakı 2015" I Avropa Oyunlarında 200 metr məsafəyə yürüşdə də eyni nəticə verib.
34 yaşlı Osipenko-Radomskaya isə 2014-cü ildə Azərbaycan pasportu alıb. Qadın kayakçı növbəti il Avropa və dünya çempionatlarında, eləcə də "Bakı 2015" I Avropa Oyunlarında finala yüksəlsə də, mükafatçılar sırasına düşə bilməyib. Bu il isə o, Dünya Kubokunun 2 mərhələ yarışında 1 qızıl, 2 gümüş, 1 bürünc medala sahib çıxıb. Osipenko-Radomskaya olimpiadada 200 metr məsafəyə yürüşdə bürünc medal qazanıb.
Xatırladaq ki, hər iki idmançı ölkə Prezidenti İlham Əliyevin Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncamına əsasən təltif olunub. Olimpiya vitse-çempionu Valentin Demyanenko 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, bürünc mükafatçı İnna Osipenko-Radomskaya isə "Tərəqqi" medalına layiq görülüb.