BAKI, 21 okt — Sputnik. ABŞ-dakı Heynsvilldə yerləşən Florida Universitetinin alimləri ilanların ayağının niyə olmamasının səbəbini tapıblar. Sputnik xarici mediaya istinadən xəbər verir ki, bu, onların ətrafların inkişafına cavabdeh olan DNT-lərinin mutasiyası ilə əlaqədar baş verib.
Mütəxəssislər bildiriblər ki, ilanların əcdadları 4 ayaq üstündə gəziblər. Bunu sözügedən sürünənlərin genomunda mövcud olan ətrafların inkişafına cavabdeh genlərin mövcudluğu da sübut edir. Burada DNT-nin genlər arasındakı əlaqələrə məsul olan kiçik hissəcikləri — enhanserin tədricən aradan çıxması nəticəsində genetik mexanizmlərin fəaliyyəti dayanıb.
Alimlər eksperiment həyata keçirərək sürünənlərdəki SHH geninin işini süni olaraq yavaşıdıblar. Nəticədə bu ilanlarda çox qısa, kövrək ətraflar əmələ gəlməyə başlayıb.
Bununla yanaşı, mütəxəssislər ilanlarla kərtənkələlərin genomlarını müqayisə ediblər. Məlum olub ki, ilanlarda DNT-nin 3 bölməsi öz funksiyasını dayandırıb.
Zaman-zaman dünyanın ayrı-ayrı bölgələrində ayaqlı ilanlara rast gəlinir. Mütəxəssislər bunun hansısa mutasiya nəticəsində meydana gəldiyini qeyd edirlər. Lakin Florida alimləri bildiriblər ki, əslində ilanlarda ayaqlar mutasiya nəticəsində peyda olmur, əksinə, onlar məhz mutasiya nəticəsində ayaqlarından məhrum olublar…