BAKI, 21 okt-Sputnik. Azərbaycan kişi və qadınlardan ibarət karate üzrə milli komandası 25-30 oktyabrda Avstriyada keçiriləcək dünya çempionatına hazırlaşır. Məşq prosesi tam sürətlə davam edir. Mötəbər yarışa hazırlaşan komandanın tərkibində idmançı dəyişiklikləri olub. Bunu Sputnik-ə millinin baş məşqçisi Rəhman Hətəmov bildirib.
“Təlim məşq toplantıları zamanı 67 kq çəkidə Rafiz Həsənov Niyazi Əliyevə, 84 kq çəki dərəcəsində isə Asiman Qurbanlı Şahin Atamova az hesabla qalib gəldikləri üçün Azərbaycanı bu çəkidə onlar təmsil edəcək. Niyazi Əliyev və Şahin Atamov komanda yarışlarında millimizi təmsil edəcək.
Baş məşqçi medal gözlədiyi idmançıların adlarını açıqlayıb. “Kimisə ayırmaq istəmirəm, amma heç kimə sirr deyil ki, hər kəs kimi mən də Rafael Ağayevdən medal gözləyəm. Bir neçə gün öncə zədə almasına baxmayaraq idmançımız məşqləri davam etdirir və yarışda uğurlu çıxış etmək üçün əlindən gələni edəcək. O ki qaldı qızlara son turnirlərdə qızlar yaxşı çıxış edir. Ona görə də qızlardan da, İrina Zaretska, İlahə Qasımova və Nuranə Əliyevadan nəticə gözləyirik.“
— 50 kilo dərəcəsində Azərbaycanı təmsil edəcək qadın idmançımız Nuranə Əliyeva yarışa tam qüvvəsi ilə hazırlaşdığını dilə gətirib. “Dünya çempionatı ən mötəbər yarışlardandır. Bir az zədələrimiz olsa da məşqlərimizi saxlamırıq. Məşqçilərin köməyi ilə hamı əl-ələ verib məşq edərək uğur qazanmağa çalışırıq.”
Ən aşağı çəkidə iştirak etdiyimdən bu çəkidə ən sürətli idmançılar olur. Ona görə də daha çox məşq etməliyəm. İdmançımız bildirib ki, onun üçün ən güclü rəqibi Türkiyə, Misir, Yapon və Avstriya idmançılarıdır.