BAKI, 19 okt — Sputnik. Bakının Sabunçu rayonunda komik bir eşq hekayəsi yaşanıb. Oktyabrın 16-da 21 yaşlı rayon sakini naməlum şəraitdə itkin düşüb.
Sabunçu Rayon Polis İdarəsindən Sputnik-ə verilən məlumata görə, 12-ci polis bölməsinə, 1955-ci il təvəllüdlü Sabunçu rayon sakini tərəfindən ərizə daxil olub. Kişi ərizədə qeyd edib ki, 1995-ci il təvəllüdlü qızı Könül bazar günü saat 11:30 radələrində evdən çıxıb və geri qayıtmayıb.
Kişi bildirib ki, qızının gənc bir oğlan tərəfindən qaçırılmasından şübhələnir, lakin o, adamın kim olduğunu bilmir.
Hüquq-mühafizə orqanlarının apardığı ilkin araşdırma zamanı məlum olub ki, Könül Həsənova atasının evindən sabiq həyat yoldaşı — Şəki rayon sakini Səlimov Seyid İlqar oğluna qoşulub qaçıb. Bu o adamdır ki, qız bu qədər gənc yaşında ondan boşanmağa vaxt da tapıb.
Təbii olaraq, polis Səlimovu cinayət məsuliyyətinə cəlb etməyə hazırlaşmır. Amma asayiş keşikçiləri atanın qayğısına qalaraq ona qızının kiminlə qaçması barədə məlumat veriblər.