BAKI, 19 okt-Sputnik. Geoloji Planalma Ekspedisiyası (GPE) Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN)daxil olan sürüşmə, uçqun və subasma ilə bağlı çoxsaylı müraciətlərlə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, Abşeron yarımadası və respublika ərazisində GPE-nin mütəxəssisləri tərəfindən aparılan monitorinq və müşahidələr intensivləşdirilib.
Sürüşmə, subasma və uçqun təhlükəsi olan yerlərdə monitorinqlər keçirilir. Respublika ərazisindəki sürüşmə sahələrinin bəzilərində, o cümlədən Bakıda və Abşeron yarımadasında atmosfer yağıntılarının təsirindən nisbi aktivlik müşahidə edilib, bəzi yerlərdə isə yeni sürüşmə ocaqları qeydə alınıb.
Sabunçu rayonunun Savalan qəsəbəsində, Daş karxanası yaşayış massivində və Şuşa şəhərciyində isə əraziyə düşən atmosfer yağıntıları nəticəsində qrunt sularının səviyyəsi qalxıb və subasma hadisəsi baş verib. Binəqədi rayonunun Məlikaslanov küçəsində də analoji hal müşahidə edilib. Badamdar, Bayıl və Əhmədli qəsəbəsinin digər ərazilərində isə aktivləşmə qeydə alınmayıb.
Respublika ərazisində aparılan monitorinqlər zamanı Qobustan rayonunun Poladlı kəndində sürüşmə prosesinin aktivləşməsi nəticəsində kəndə yeganə girişi olan avtomobil yolu bağlanıb. Yolun 20-22 metr hissəsi tamamilə sıradan çıxıb.
İsmayıllı rayonunun İstisu kəndi ərazisində isə yeni sürüşmə prosesi qeydə alınıb. Sürüşmə sahəsi təqribən 3 hektar ərazini əhatə edib. Sürüşmə sahəsinin eni 400-500 metr, uzunluğu 600-650 metr, sürüşmənin qırılma daşının hündürlüyü 4-6 metr arasında dəyişir.
Qeyd edək ki, monitorinqlərin nəticələri barədə bülletenlər hazırlanaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına məlumat verilir.