"Azərbaycanlılar böyük ekoloji fəlakətlə qarşı-qarşıyadırlar"

© panoramio.comEkoloji fəlakət
Ekoloji fəlakət - Sputnik Azərbaycan
Abunə olmaq
Rasif Bağırov: Bu fəlakətlər təkcə təbiətdən deyil, həm də dövlətin və insanların özünün ekologiyaya münasibətindən irəli gəlir.

BAKI, 23 yan — Sputnik. “Azərbaycan insanı böyük ekoloji fəlakətlər burulğanındadır. Bu fəlakətlər təkcə təbiətdən deyil, həm də dövlətin və insanların özünün ekologiyaya münasibətindən irəli gəlir.”

Bu fikirləri qış aylarında respublika ərazisində anormal hava şəraitinin və bu fonda ümumi ekoloji durumun ölkə vətəndaşlarının səhhəttinə təsirini Sputnik-ə şərh edərkən həkim-ekspert Rasif Bağırov deyib. 

R.Bağırov ölkədəki qida təhlükəsizliyinə diqqət çəkərək deyib: “Biz ekoloji vəziyyəti tibbi nöqteyi-nəzərdən təhlil edərkən həm yaşadığımız mühiti, həm qidaları, həm də geyimlərin ekoloji vəziyyətini təhlil etməliyik. Əlbəttə havanın ekoloji təmiz, yaxud çirkləndirilmiş olması, rütubətli, yaxud quru olması və s. insanın səhhətinə öz təsirini göstərir. Bununla yanaşı Azərbaycanda insanlar üçün ən böyük təhlükəni qida təhlükəsizliyi sahəsindəki problemlər yaradır. Bu gün Azərbaycanda yediyimiz qidalar ekoloji cəhətdən təmiz deyil, tərkibində çoxlu kanserogen maddələr var ki, bu da müxtəlif xəstəliklərin, xüsusilə də şiş xəstəliklərinin – xərçəngin növlərinin artmasına gətirib çıxarır. Bu gün xərçəng xəstələrinin statistikasının qorxunc səviyyədə olması məhz ölkə əhalisinin qida təhlükəsizliyi ilə bağlıdır. Bu sahədə ictimai nəzarətin olmaması, dövlət qurumlarının bu sahəni gözardı etməsi, qida sahəsinin sadəcə gəlir əldə etmək məqsədi güdən inhisarların əlində olması və s. ölkə əhalisinin insan orqanizmi üçün ziyanlı, kimyəvi maddələrlə yüklənmiş, genləri dəyişdirilmiş qidalarla qidalanmasına səbəb olur. Eyni zamanda ölkədə süni qidaların bolluğu fonunda orqanik qida çatışmazlığı mövcuddur. Bu da nəticədə insan orqanizmində müxtəlif neqativ dəyişikliklərə, o cümlədən, genetik dəyişiklərə səbəb olur, insanların müxtəlif xəstəliklərə qarşı dözümlülüyünün, immunitetinin möhkəmlənməsini əngəlləyir.” 

Ekspert Çin və İrandan gətirilən keyfiyyətsiz geyimlərin də ekoloji fəlakətin bir hissəsi olduğunu qeyd edib: “Son zamanlarda geyimlər də müxtəlif xəstəliklərin daşıyıcıları funksiyasını yerinə yetirir. Çindən, İrandan keyfiyyəti aşağı olan, sintetik, kimyəvi maddələrlə qorunan geyimlər gətirilir. İnsanlar həm ucuz olduğu üçün, həm də bazarda başqa alternativlərin olmaması səbəbində bu aşağı keyfiyyətli geyimlərdən istifadə etməyə məcbur olurlar. Nəzərə alınmır ki, bu geyimlər müxtəlif xəstəliklərin potensial yaradıcılarıdır”. 

Rasif Bağırov son illərdə Bakı şəhərində aparılan təmir-tikinti və abadlaşdırma işləri zamanı da ekologiyaya ciddi ziyan vurulduğunu ifadə edib. “Binalar tikilərkən çox vaxt şəhərin “ağ ciyərləri” rolunu oynayan ağaclar kəsilib, yaşılıq məhv edilib. Eyni zamanda binaların sıxlığı şəhərdə havanın çirklənməsinə, tozun artmasına, havanın sirkulyasiyasının pozulmasına gətirib çıxarıb. Bu da müxtəlif xəstəlikləri, xüsusilə də ağ ciyər xəstəliklərini artırıb. Buna paralel olaraq da məişət tullantıları, maşınların hərəkəti zamanı ayrılmış zərərli qazlar da ekoloji vəziyyətin ağırlaşmasına səbəb olur. Kanalizasiya sularının nizamsız hərəkəti, yağışların yağmasından sonra Bakı kəndlərində yağış sularının toplanması, çürüməsi və s. nəticəsində də müxtəlif xəstəlikləri yaradan orqanizmlər çoxalır ki, bu da insana təsir edir. Bu gün Azərbaycanda zərərli tullantıları olan emal zavodlarının sayı azdır. Amma sadaladığımız digər faktorlar imkan verir ki, ölkədə yaşam göstəriciləri aşağı olsun.” – deyən ekspertin fikrincə, əslində bu hallarla mübarizə aparmaq mümkündür. Əgər dövlətdə normal ekologiya sistemi qurularsa, şəhərsalma ilə bağlı problemlər aradan qalxarsa, binaların tikintisi zamanı havanın sirkulyasiyası nəzərə alınarsa, qidalara, geyimlərə nəzarət olunarsa, ekoloji problemlər də azalar.

Sputnik-in “Sizcə ölkədəki bu ekoloji fəlakətlərin qarşısının alınmasında əsas ağırlıq kimin üzərinə düşür, dövlətin, yoxsa vətəndaşların?” sualına cavabında R.Bağırov deyib:  

“Azərbaycan kimi ölkələrdə insanların şüur səviyyəsi hələ o qədər yüksək deyil ki, onlar dövlət qarşısında, iş adamları qarşısında ekoloji tələblər qoysunlar. Avropada, Amerikada insanlar ekoloji məsələlərə çox diqqət yetirirlər və öz sağlamlarını tələblərinin 1-ci sırasına qoyurlar. Azərbaycanda isə buna fikir verilmir. Bu gün ölkəyə xaricdən 4-cü növ buğda unu və çörəyi gətirilir. Hansı ki, bu insan yox, heyvan qidasıdır. Eyni şeyi xaricdən gətirilən digər qida məhsulları, ət, yağ, düyü, kartof, konservləşdirilmiş məhsullar və s. haqqında da demək olar. Elə ölkəmizdə əkilən buğdalar da 3-4-cü növ buğdalardır. İnsanlar dövlətdən tələb etməlidirlər ki, onların sağlam qidalarla, sağlam geyimlə təchiz edilməsinə fikir versin. Yəni bizdə insanlar ekoloji standartlar uğrunda qətiyyən mübarizə aparmırlar. Və bu problemlərin qarşısını almaqda acizdirlər. Onların sərhəddən keçib gələn qidaların, geyimlərin, digər tələbat mallarının  keyfiyyətinə nəzarət etmək imkanları, bunun üçün lazım olan mexanizmləri yoxdur. İnkişaf etmiş ölkələrdə dövlət özü insanların sağlam qidalarla, geyimlə təchiz olunmasına, havanın çirklənməsinin qarşısının alınmasına diqqət yetirir. Və insanların da dövlətdən bu istiqamətdə tələbləri olur. Azərbaycanlılarınsa heç vaxt ağlına gəlmir ki, onun səhhətti, həyatı, gələcəyi ilə bağlı son dərəcə vacib olan ekoloji problemlərin aradan qaldırılması üçün dövlət qarşısında tələb qoysun.”

Xəbər lenti
0