BAKI, 18 okt — Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti növbəti Beynəlxalq Teatr Festivalında uğurla iştirak edərək Vətənə dönüb. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, heyət Litvanın Vilnus və Visaginas şəhərlərində keçirilmiş "Atspindys" XI Beynəlxalq monotamaşalar festivalında ölkəmizi layiqincə təmsil edib.
Teatrın yaradıcı heyəti festivalda Semuel Bekketin "Sözsüz" mono-tamaşası ilə çıxış edib. Səhnə əsərinin quruluşçu rejissoru İsa Əsədov, ifaçı, əməkdar artist Şövqü Hüseynovdur.
Oktyabr ayının 11-dən 17-dək davam edən festivalda gün ərzində 3 (sonuncu gün 4) tamaşa olmaqla, 13 səhnə əsəri nümayiş etdirilib. Azərbaycanla yanaşı, festivalda Rusiya, Litva, Belarus, Ukrayna, İtaliya, Slovakiyanın bir sıra teatr kollektivlərinin tamaşaları göstərilib.
Tamaşa ""Atspindys" XI Beynəlxalq monotamaşalar Festivalında iştiraka görə" diplomu ilə yanaşı, festivalın xüsusi diplomuna və mükafatına layiq görülüb.