BAKI, 14 okt — Sputnik. Şəhərdaxili (rayondaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslarda, sərnişinlərin avtobusa ödəniş etməməsinə və sürücülərin sərnişinləri ödənişsiz daşıdığına görə cərimələnməsi qaydası dəyişib. Sputnik xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda, sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə 5 manat cərimə ediləcək. Bundan başqa, müvafiq qaydada ödəniş edilmədən sərnişinin aparılmasına görə sürücüyə 20 manat cərimə tətbiq ediləcək.
Dəyişikliyə əsasən, "biletsiz" və "sərnişinin biletsiz" sözləri "müvafiq qaydada ödəniş etmədən" və "müvafiq qaydada ödəniş edilmədən sərnişinin" sözləri ilə dəyişdirilib. Layihə səsə qoyularaq qəbul olunub.