BAKI, 18 okt — Sputnik. "Hazırda qeyri-sabit hava şəraiti ilə bağlı Respublikanın avtomobil yollarında hər hansı bir problem müşahidə olunmur".
Bu haqda Sputnik-ə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, Bakı şəhərində bəzi ərazilərdə yollarda müşahidə olunan tıxacların yağışlı hava ilə heç bir əlaqəsi yoxdur.
"Ötən gün bəzi ərazilərdə yolların su basması ilə müşahidə olunan problemlər aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb. Bu gün Binəqədi şosesindən başqa heç bir yolda subasma ilə bağlı problem yoxdur. Avtonəqliyyat vasitələrinin normal və maneəsiz şəkildə hərəkəti təmin olunub", — ASC sözçüsü qeyd edib.
O bildirib ki, Binəqədi şosesində yaxınlıqda olan bir neçə açıq su kanalının daşması nəticəsində yola su dolub: "Hazırda bu ərazidə olan problemin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır".