BAKI, 17 okt — Sputnik. İki gündür yağan intensiv yağış ucbatından Bakının əksər bölgələrində acınacaqlı mənzərə meydana çıxıb. Sputnik xəbər verir ki, sel küçələri bürüyüb, bəzi küçələrdə hərəkət iflic vəziyyətinə düşüb. İntensiv yağış paytaxtın əsas avtomobil yollarında nəqliyyatın hərəkətini iflic edib. Bundan başqa, bu gün səhər saatlarından başlayaraq Bakı-Sumqayıt yolunu paytaxta tərəf gələn hissəsində güclü tıxac yaşanır.
Bakıda yağıntılar zamanı küçələri su basması adi hala çevrilib və problem qalmaqda davam edir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Heydər Əliyev prospketi (kənar və əsas yolda, mərkəzə doğru), Afiyəddin Cəlilov küçəsi, Nobel prospekti (mərkəzə doğru), Niyazi küçəsi (hər iki istiqamətdə), habelə Əbdürrəhim bəy Haqverdiyev (Dövlət Statistika Komitəsi istiqamətində), Səməd Vurğun küçəsi ("Təzə bazar"a doğru), Abbasqulu ağa Bakıxanov küçəsi (hər iki istiqamətdə, nisbi sıxlıq) və Tbilisi prospektində ("Nizami" metro stansiyasına doğru) tıxac yaranıb.
Bakıda müşahidə edilən intensiv yağışla əlaqədar müəyyən avtomobil yollarında maksimal sürət məhdudiyyəti azaldılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, sürət həddinin azaldılması ilə əlaqədar elektron tablolarda da dəyişiklik edilib.
Hazırda "Koroğlu" metro stansiyasından başlayaraq Buzovna qəsəbəsinə qədər, həmçinin Heydər Əliyev Hava Limanından başlayaraq "Nargilə" kafesinədək (Zığ şosesi) yollarda hərəkət sürəti aşağı salınıb. "Zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb — 120 km/saat-dan 100-ə, 100 km/saat-dan 80-ə, 80 km/saatdan 60-a endirilib. Sürət həddinin azaldılmasına səbəb hava şəraitinin pisləşməsidir", — deyə NİİM-dən bildirilib.