BAKI, 14 okt — Sputnik. Azərbaycan Respublikasına rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifin oktyabrın 14-də rəsmi qarşılanma mərasimi olub. Sputnik president.az-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Pakistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidenti İlham Əliyevə raport verib. Azərbaycan Prezidenti Pakistan Baş nazirini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Pakistanın Baş nazirinə raport verdikdən sonra Pakistanın və Azərbaycanın dövlət himnləri səslənib.
İlham Əliyev və Məhəmməd Nəvaz Şərif fəxri qarovul dəstəsinin qarşısından keçib. Pakistanın Baş naziri Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri Məhəmməd Nəvaz Şərifə, Pakistan nümayəndə heyətinin üzvləri isə İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidentinin və Pakistanın Baş nazirinin qarşısından keçib. Ardınca İlham Əliyev və Məhəmməd Nəvaz Şərif rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə məhdud tərkibdə görüşü olub.