BAKI, 13 iyul — Sputnik. Pakistanın Azərbaycandakı yeni səfirinin adı açıqlanıb. Sputnik Report-a istinadən xəbər verir ki, Pakistanın ölkəmizdəki diplomatik nümayəndəliyinə, hal-hazırda Yunanıstanda səfir olan Səid Xan Mohmand (Saeed Khan Mohmand) başçılıq edəcək.
Bu postda o, Xalid Usman Qayseri əvəz edəcək. X.U.Qayser isə öz növbəsində, fəaliyyətini Pakistanın Yunanıstandakı səfiri kimi davam etdirəcək.
Qeyd edək ki, S.X.Mohmandın 56 yaşı var. Tibbi təhsil alan səfir 1988-ci ildən diplomatik xidmətdədir. O, Pakistan Xarici İşlər Nazirliyində və bu ölkənin xarici nümayəndəliklərində müxtəlif yüksək vəzifələrdə çalışıb. S.X.Mohmand sərbəst şəkildə urdu, puştu, ingilis və fransız dillərində danışır.