BAKI, 14 okt-Sputnik. "Sekulyar dövlətlərdə insanlara verilən bir çox hüquq və azadlıqlar dini dövlətlərdə mövcud deyil. Üstəlik dünyəvi dövlətdə hər kəsin inanclarına, dini etiqad və vicdan azadlıqlarına hörmətlə yanaşılır."
Sputnik-in məlumatına görə, bu fikirləri "Dünyəvi dövlətçilik, yoxsa dini radikalizm: cəmiyyət nə istəyir?" mövzusunda keçirilən ictimai müzakirə zamanı Qadın Liderliyi Uğrunda İctimai Birliyinin (QLUB) sədri Ülkər Abdullayeva səsləndirib.
Qeyd edək ki, sözügedən tədbir QLUB-un AR prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Sekulyar dövlətçilik, dini radikalizm və insanlığa qarşı çevrilməyən din modeli ilə bağlı qadınlar arasında maarifləndirmə işlərinin aparılması" layihəsi çərçivəsində keçirilib.
Layihənin rəhbəri Ülkər Abdullayeva Azərbaycanda sekulyar dövlətçiliyin tarixi, dini radikalizm problemləri, Azərbaycanın ictimai-siyasi həyatında dinin rolu, o cümlədən Azərbaycan prezidentinin təqdimatı əsasında ölkə qanunvericiliyinə verilən dini məsələlərlə bağlı təkliflərdən bəhs edib.
"Onlar orta əsrlərin təfəkküründən, insanlara zərər verən hər cür radikal hərəkətlərdən uzaq durmalı, öz potensiallarını dünyanın gələcəyi üçün önəmli olan elm sahələrinə, faydalı peşələrin öyrənilməsinə sərf etməlidirlər."
Diskussiyaların gedişində CASCFEN sədri Azər Həsrət, iqtisadçı-ekspert Qadir İbrahimli, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı, ictimai-siyasi fəallardan Yeganə Hacıyeva, Orxan Şahbaz, Rövşən Nəcəfov, Yadigar Nağıyev, hüquqşünas Mehman Muradlı, pedaqoqlar Aynur Zamanova, Natəvan Məhərrəmli və digər iştirakçılar mövzu ilə bağlı maraqlı fikir və təkliflərini səsləndiriblər.
Azərbaycan Prezidentinin təqdimatı ilə dini zəmində düşmənçilik, fanatizm və radikalizmə qarşı cəzalarla bağlı müvafiq maddələrin AR Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə salınması təklifi tədbir iştirakçılarının əksəriyyəti tərəfindən təqdir edilib. Eyni zamanda bildirilib ki, ölkədə dini meyllərin artmasını şərtləndirən səbəbləri aradan qaldırmaq, insanların yaşam şərtlərini, rifahını yüksəldəcək zəruri islahatları həyata keçirməklə sekulyar dövlətçiliyin analoqsuz olduğunu isbat etmək vacibdir.