BAKI, 13 okt — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) diabet, kariyes və piylənmə hallarının azaldılması üçün dövlətləri şəkərli içkilərə, minimum 20 faiz vergi tətbiq etməyə çağırıb. Təşkilatın "Pəhriz və qeyri-yoluxucu xəstəliklərin qarşısının alınması üçün maliyyə siyasəti" adlı sənədində qeyd olunub ki, şəkərli içkilərdən həddindən artıq istifadə diabet, kariyes və piylənmənin yaranmasının əsas səbəblərindən biridir. Meyvəli içkiləri, vitaminləşdirilmiş enerji və idman içkilərini, eləcə də, soyuq çay və limonadları da təşkilat bu içkilərə aid edir.
ÜST-nin məlumatına görə, bu xəstəliklərin yaranmasından yayınmaq üçün böyüklər sutka ərzində 12 çay qaşığı ölçüsündən artıq şəkər qəbul etməməlidirlər. Lakin 330 millilitrlik şirin qazlı suda 19 çay qaşığı şəkər var. Bundan başqa, təşkilat hesab edir ki, sağlamlığı stimullaşdırmaq üçün insan şəkər istehlakını sutkada beş faizədək azaltmalıdır (6 çay qaşığı). Pəhrizdə isə insana ümumiyyətlə şəkər lazım deyil.
Şəkərli içkilərin əhali arasında istehlakını azaltmaq üçün Ümumdünya Səhiyyə Təşkilatı əlavə vergilər tətbiq etməyi təklif edir: "Lakin bu vergilər içkilərin ölçüsündən və növlərindən asılı olaraq düzgün tətbiq olunmalıdır. Minimal vergi isə 20% təşkil etməlidir".
"Əgər vergilər 20% artırılsa, içkilərin qiyməti də 20% bahalaşacaq. Proporsional olaraq bu, oxşar içkilərin istehlakını azaldacaq. Modellərdən biri göstərir ki, hər şey stabil qalarsa, 5-10 il ərzində əhali arasındakı piylənmə halları 3% azalacaq. Bu isə çox böyük rəqəmdir", — deyə təşkilatın nümayəndələri bildiriblər.
Təşkilatın ekspertləri hesab edirlər ki, şəkər tərkibli içkilərə vergilərin artırılması dövlət büdcəsinə də müsbət təsir edəcək: "Məsələn, Meksikada 2014-cü ildə belə içkilərin qiymətləri vergilər sayəsində 10% qalxdı. Maliyyə siyasətinin nəticələri onu göstərdi ki, bu içkilərin istehlakı əvvəl 6%, sonra isə 12% azaldı. Aşağı gəlirli ailələrdə isə istehlak azalması 19% təşkil etdi. Meksikanın dövlət büdcəsi isə 2,6 milyard dollar səviyyəsində əlavə gəlir əldə etdi".
Qeyd edək ki, piylənmə halları uşaq və gənclərdə də sürətlə artır. Ümumdünya Piylənmə Federasiyasının (ÜPF) 11 oktyabr — Beynəlxalq Piylənmə Günü münasibətilə yaydığı məlumatda deyilir ki, uşaqlarda piylənmənin ən sürətlə artdığı ölkələrdən biri də Azərbaycandır. 2000-2013-cü illərdə uşaq və gənclərdə piylənmənin artım göstəricilərinə görə, Azərbaycan 72%-lə Vyetnamdan sonra ikinci yerdə dayanır.
ÜPF bildirir ki, piylənmə uşaqların və gənclərin sağlamlığına, təhsildə uğur qazanmasına, həyat tərzinə çox böyük neqativ təsir etdiyi halda, bu problemə qarşı ciddi tədbir görülmür. Piylənmə Federasiyasından Tim Lobstein problemlə yalnız inkişaf etmiş ölkələrin mübarizəyə başladığını bildirib: "Halbuki piylənmənin artması həm varlı, həm də kasıb ölkələrdə müşahidə olunmaqdadır".
ÜST-nin Uşaqlarda Piylənmə ilə Mübarizə Komissiyasının məlumatına görə, 1990-cı ildə dünyada 32 milyon körpə (5 yaşa qədər) piylənmədən əziyyət çəkirdisə, 2013-cü ildə belə uşaqların sayı 42 milyona çatıb. Artım inkişaf etməkdə olan ölkələrdə xüsusilə böyükdür. Belə davam edərsə, 2025-ci ildə piylənmə və köklükdən əziyyət çəkən körpələrin və uşaqların sayı 70 milyona çatacaq. Bu isə 10 milyonlarla uşağın köklüklə bağlı xəstəliklərdən, şəkərli diabetdən, ürək, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkməsi deməkdir.