BAKI, 13 okt — Sputnik. 12-13 oktyabr 2016-cı il tarixlərdə "Sərhədçi" Olimpiya İdman Mərkəzində, 23 yaşa qədər cüdoçular arasında Azərbaycan birinciliyi keçirilib. Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, GİN və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə baş tutan U23 yarışlarında respublikamızın müxtəlif bölgələrindən 300-ə yaxın cüdoçu mübarizə aparıb.
Cüdoçu qızlar uğurlu nəticələr göstəriblər. Belə ki, 78 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksələn Günel Həsənli qızıl medalla, 52 kq çəki dərəcəsində Zəhra Mehdiyeva fəxri kürsünün 3-cü pilləsində yerini tutumaqla bürünc medalla, 57 kq çəki dərəcəsində Şəfiqə Məmmədova fəxri kürsünün 3-cü pillləsində yerini tutmaqla bürünc medalla və müvafiq diplomlarla təltif ediliblər.
Qeyd edək ki, yarışın keçirilməsinin əsas məqsədi milli komandamız üçün gənc və perspektivli cüdoçuları müəyyənləşdirməkdən ibarət olub.