BAKI, 12 okt — Sputnik. Oktyabrın 11-dən 12-nə keçən gecə Abşeron rayonunun Qobu qəsəbəsində çay evinin sahibi güllələnib. Bu barədə Sputnik-ə Abşeron Rayon Polis idarəsindən məlumat veriblər.
Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Abbasov Rövşən Rafiq oğlu aldığı güllə yaralarından keçinib. Patoloqoanatomlar Abbasovun bədənində 5 güllə yarası aşkar ediblər.
Qatil hadisə yerindən qaçaraq gizlənib, lakin aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində polislər onu yaxalaya biliblər. Şübhəli şəxs Qobu sakini, 1991-ci il təvəllüdlü Əlizadə Tural Zakir oğludur.
Hadisə Əlizadənin evinin yaxınlığında törədilib. Qətldə istifadə olunmuş "Vinçester" tipli ov tüfəngi şübhəliyə məxsusdur. Tüfəngi kriminalistlər qətl yerinin yaxınlığında aşkar ediblər, Əlizadə isə Bakıda ələ keçib.
İbtidai istintaq zamanı şübhəli günahını boynuna alıb. O bildirib ki, qətldən əvvəl Abbasovla mübahisə edib. Həmin son görüşün təşəbbüskarı isə mərhum Abbasov olub.
Lakin mübahisənin predmeti məlum deyil. Qətl faktı üzrə cinayət işi açılıb, araşdırmanı Abşerob rayonu prokurorluğu aparır.