BAKI, 6 okt — Sputnik. Bakının Xəzər rayonunda odlu silahdan açılan atəşlə qəsdən adamöldürmə faktı qeydə alınıb. Bu barədə Sputnik-ə rayon polis idarəsindən məlumat verilib.
Cinayətin qurbanı Binə qəsəbəsinin əvvəllər məhkum olunmuş 47 yaşlı sakini Məcidov Zakir Məcid oğludur. Kişi özünün ərzaq dükanından çıxarkən başından iki güllə ilə vurulub.
Qətl oktyabrın 4-ü axşam saat 20.00 radələrində törədilib. İlkin araşdırma zamanı əməliyyatçılar şübhəlinin şəxsiyyətini müəyyənləşdiriblər. Məlum olub ki, bu, öldürülən şəxsin yaxın qohumu, elə həmin qəsəbədə yaşayan 38 yaşlı Rauf Cəbrayılovdur. O, gecə saat 3-də saxlanılıb.
Cəbrayılovu əl baqajı və xarici pasportu ilə birlikdə Bakı aeroportu yolunda saxlayıblar. Kişi Azərbaycanı tərk etməyə hazırlaşırmış, amma qismət olmayıb.
Dindirilmə zamanı saxlanılan şəxs cinayəti boynuna alıb və bildirib ki, qohumunu qısqanclıq zəminində, ailəsinin şərəf və ləyaqətini qorumaq məqsədilə öldürüb. Həmçinin bildirilir ki, Cəbrayılov psixi pozğunluqdan əziyyət çəkir.
İstintaq hadisə yerindən ov tüfəngi və gilizlər (boş patronlar) tapıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.