BAKI, 10 okt — Sputnik. 2018-ci il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamız Norveç yığmasına qalib gəlib. Millinin bu qələbəsindən sonra sosial şəbəkələrdə müxtəlif müzakirələr açılıb. Əksəriyyət millimizin uğurundan dolayı sevincini ifadə etsə də, bir qisim sosial şəbəkə istifadəçisi AFFA-nın oyunu pulla aldığını iddia edib.
Bəs peşəkarla bu haqda nə düşünürlər? Sputnik bu mövzuya aydınlıq gətirməyə çalışıb.
Samir Əliyev — milli komandanın sabiq oyunçusu: "İstəməzdim, belə söhbətlər olsun. Meydana çıxıb, əziyyət çəkib qələbə qazanan futbolçuların əziyyətini yerə vurmaq düzgün deyil. Fikrimcə, layiqli qələbə qazanıblar. Kənardan nə danışırlar, danışsınlar. Mən belə söhbətlərə inanmıram. Bununla belə, millimizin növbəti mərhələyə keçməsi asan olmayacaq. Qarşıda bizi çətin oyun gözləyir. Çexiya ilə çətin oyun haqqında düşünməliyik. Qazandığımız iki qələbə bizim hələ tam güclü olmağımız anlamına gəlmir".
Arif Əsədov — "Neftçi"nin keçmiş məşqçisi: "Bu cür səviyyələrdə oyunu pulla almaq mümkün deyil. Biz görmüşük ki, futbolda ya qələbə qazanmaq olar, ya da məğlubiyyət. Pulla qələbə qazanmaq mümkün deyil. Burada millimiz əziyyət çəkərək qələbə qazanıb. Ona görə də uğur millimizindir. Biz komandamızı Fransa, Almaniya, İtaliya və digər güclü komandalarla bir tuta bilmərik. Və komandamızdan hər oyunda qələbə gözləmək də düzgün deyil. Ona görə də hər qazanılan qələbə bizim üçün uğurdur. Çexiya ilə qarşılaşmaya gəlincə, düşünmürəm ki, millimiz açıq futbola və ya hücuma üstünlük verəcək".
Rəşad Ergün — Komanda.az saytının baş redaktoru: "Mən Azərbaycan insanının pul gücünə çox şey edəcəyinə inanıram. Azərbaycan çempionatlarında da oyun alveri olub, olur, olacaq da. Amma sırf Norveçlə oyundan danışırıqsa, açığı, AFFA-nın bu oyunun taleyini pul gücünə həll etməsi haqda iddialara qatılmıram. Bu cür oyunlara nəzarəti azərbaycanlılar etmir, yüksək səviyyədə nəzarət olur. Həm də biz milli komandadan danışırıq. O komandadan ki, hər ölkənin futboldakı kimliyi, başqa cür desəm, şəxsiyyət vəsiqəsidir. Norveçlilər öz milli kimliklərini AFFA-nın puluna satarmı? Buna inanmıram. Sadəcə, futbolda belə nəticələr olur. Rəqib daha yaxşı oynayır, amma sən təsadüfi və ya qarşındakının yol verdiyi yeganə ciddi səhv hesabına qol vurub, qələbə qazanırsan. Azərbaycan millisi Norveçlə görüşdə yaxşı futbol göstərmədi, amma qələbə qazandı. Bu, millimizin gücləndiyi anlamına gəlməməlidir. Nə dəyişib ki, millimizdə? Yenə həmin futbolçulardır, yenə ötən seçmə mərhələ sonlarını bərbad keçirən baş məşqçi — Robert Prosineçkidir. Çexiya ilə qarşılaşmadan isə yaxşı nəticə gözləyirəm. Qələbə, hətta heç-heçə də əldə edə bilərik. Bu, futboldur. Amma qələbəni necə əldə edirsən — əsas budur. Mən Azərbaycan millisində böyük ölçüdə nəyinsə dəyişdiyini görmürəm".