İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 7 okt — Sputnik. Milliyətcə rus olan Yelena Yahyayeva öz 68 illik ömrünün 46 ilini müəllimliyə həsr edib. İşlədiyi müddətdə yüzlərlə uşağın təhsildə ilk addımlarını atmasına bələdçi olub. Onlara həm müəllim, həm ana, həm gələcəyə mayak olub.
Bu peşəni sevərək işlədiyindən, heç vaxt yorulmayıb. 3 il əvvəl 65 yaşdan yuxarı müəllimlərin bir çoxu kimi rəsmi olaraq işindən uzaqlaşsa da, onu tanıyan, sorağını eşidən valideynlər peşəsindən ayrılmağa qoymurlar. Onlar övladlarının rusdilli təhsil almaları üçün, məktəbdən əlavə Yelena müəllimdən də öyrənməli çox şeyin olduğunu düşünürlər.
Yelena Pavlovna Azərbaycanda anadan olub. Rusiyanın məşhur soyadlarından olan Babiçevlərə qarşı aparılan repressiya ailənin bütün üzvlərini bir-birindən ayrı salıb. Onların bir qismi həbsxanalara, bir qismi sürgünə göndərilib.
Yelenanın atası Pavel həbs edilsə də, Stalinin "ata oğula, oğul ataya görə məsuliyət daşımır" sözündən sonra azad edilir və 16 yaşında yaşadığı Çerkessk şəhərindən böyük bacısının yanına — Gəncəyə gəlir. Burada, komsomol putyovkası ilə Gəncə şəhərində yerləşən tekstil fabrikində işləməyə gələn saratovlu Yevdokiya Vasilyevna ilə evlənir. Bundan sonra ailə Ağstafanın, hazırda Həsənsu adlanan Kirovka kəndinə köçür.
Ailənin üç oğul, iki qız övladı olur. Yelena xanım atasının öz ailəsinin keçmişi haqda heç vaxt məlumat vermədiyini, bildiklərini isə atası 1976-cı ildə ömrünün sonlarına yaxın danışdığını deyir.
Y. Pavlovna rus olmasına baxmayaraq, özünü azərbaycanlı hesab edir: "Burada anadan olmuşam. Buranın havasını udub, suyunu içmişəm. Atam, anam, qardaşım burada rəhmətə gedib. Bura mənim vətənimdir. Hazırda iki qardaşım, bir bacım Rusiyada yaşayır. Neçə dəfə məni yanlarına aparmaq istəsələr də, getməmişəm. Rus olsam da, adət-ənənəm, yaşayış tərzim — hamısı Azərbaycanla bağlıdır. Bir sözlə, özümü azərbaycanlı hesab edirəm".
Müəllimlik Yelena xanımın uşaqlıq arzusu olub. Hələ ikinci sinifdə oxuyarkən evdə güzgü qarşısında müəllimin hərəkətlərini təqlid etdiyini, onu kimi danışdığını deyir. Bu peşəyə olan istəyi onun müəllim olması ilə nəticələnib.
O, M. Ə. Sabir adına Pedaqoji Texnikumda təhsil aldıqdan sonra — 1968-ci ildə tədris fəaliyyətinə başlayır. Paralel olaraq M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu bitirir. Ardınca Qazax rayonunda yaşayan Ələkbər Yahyayevlə ailə qurur və 1979-cu ildə Qazağa köçür.
Təqaüdə çıxanadək Qazax şəhər 3 nömrəli orta məktəbdə ibtidai sinif müəllimi işləyir. 46 illik müəllimlik fəaliyyəti dövründə müxtəlif millətlərdən olan uşaqlara dərs deyən Yelena xanım, heç vaxt uşaqlar arasında fərq qoymayıb. Onları bir ailənin uşaqları kimi tərbiyə edib, yaşadığı torpağı sevməyə, qorumağa borclu olduqlarını aşılayıb. Burada milliyətə görə ayrı-seçkilik, xainlik olmadığını deyən təcrübəli müəllim, bunu azərbaycanlıların üstün cəhəti kimi qiymətləndirir.
"Biz gələcək nəslin tərbiyəçiləriyik. Şagirdin məktəbdə aldığı təlim-tərbiyə onun gələcək həyatı üçün çox önəmlidir. Lakin təəssüf ki, hər dərs keçən müəllim ola bilmir. Əsl müəllim olmaq üçün işini sevməlisən, şagirdlərini sevməlisən. İşinə yalnız qazanc yeri kimi baxmamalısan", — deyir müsahibimiz.
Onun sözlərinə görə, müəllim inandırıcı danışmalıdır, yeri gələndə aktyorluq da etməlidir: "Hansı qəhrəmanın adından danışırsa, onu təqlid eləməli, canavarın ədasını, tülkünün hiyləgərliyini əyani göstərməli, qəhrəmanın obrazını yarada bilməlidir. O zaman uşaqlar mövzu ilə daha çox maraqlanırlar, yaddaşlarında da yaxşı qalır. Bunları bacarmaq üçün müəllim öz üzərində daim işləməlidir".
Yahyayevlər ailəsində ünsiyyət rus dilində qurulur. "Evlənəndə şərt kəsmişik ki, ailədə rusca danışacağıq. Qızlarımız rusdilli məktəbdə təhsil alıblar. Onların da hər üçü müəllimliyi seçdi".