BAKI, 4 okt — Sputnik. "Milli valyutanın devalvasiyası, gömrük rüsumunun artması və s. hallar olanda, həmişə möhtəkirlər bundan istifadə edirlər, süni qiymət artımına gedirlər. Bunun qarşısını almaq üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti var".
Bunu Sputnik-ə açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, daxili bazarı qorumaq, sahibkarlığı inkişaf etdirmək üçün bəzi mal qrupları üzrə idxal gömrük rüsumları artırılıb: "Bunun müəyyən qədər qiymətə təsiri ola bilər, amma artıq eşidirəm ki, dünəndən başlayaraq bəzi şirkətlər arasında süni qiymət artımı başlayıb. Yəni, İqtisadiyyat Nazirliyi ciddi məşğul olub bunun qarşısını almalıdır. Burada heç bir problem yoxdur. Qanunvericilikdə də bunların hamısı öz əksini tapıb. Bununla əlaqədar qanunvericiliyi sərtləşdirməyə ehtiyac yoxdur".
İqtisadçı-ekspert Çingiz İsmayılov da Sputnik-ə açıqlamasında İqtisadiyyat Nazirliyinin müvafiq qurumlarının məsələyə müdaxilə etməsinin vacibliyini vurğulayıb: "Burada Vergilər Nazirliyinin qurumları da iştirak edə bilər. Çünki, qiymət dəyişilirsə, vergilər də dəyişilməlidir. Yəni, həm birbaşa, həm də dolayı yolla qiymətlərin dəyişilməsini tənzimləyən dövlət qurumları mövcuddur. Bunlar nəzarət etməlidir".
"Ancaq insanların şüuru dəyişilməlidir. Nəzarətin, cəzalandırmanın böyük effekti olmayacaq. Çünki, bu gün kimsə qiyməti dəyişdi, nəzarətçi gəlib qiyməti salacaq, sabah yenə də o qiyməti qaldıracaq. Mümkün deyil axı hər bir dükana, ticarət mərkəzinə nəzarətçi qoyulsun. Bu, mümkünsüzdür. Şüur, idrak yoxdursa, heç bir nəzarət kömək etməyəcək", — ekspert qeyd edib.
Ç. İsmayılov problemin həlli üçün KİV-də təbliğat aparılmasını da mühüm hesab edir: "Axı hamısı — satıcı da, istehlakçı da bu ölkənin vətəndaşıdır. Bir yerdə satıcı işləyən digər yerdə alıcıdır. Bir yerdə kartof satırsansa, başqa yerdən gedib mebel alırsan. Anlamalıyıq ki, biz hüquqi dövlətdə yaşayırıqsa, qanunlara riayət etməliyik. Məsuliyyəti qaldırmaq lazımdır, yalnız cəzalandırma deyil, maarifləndirmə işləri də aparılmalıdır".
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Sputnik-ə açıqlamasında deyib ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti monitorinq, müayinə, baxış və digər metodlardan istifadə etməklə istehlak bazarına nəzarət tədbirləri həyata keçirir: "Son günlər aparılan monitorinqlərdə Dövlət Xidməti qiymət dəyişikliyi ilə qarşılaşmayıb. Ancaq bununla belə, istehlakçılar üçün, istehlak bazarında qarşılaşdıqları hər hansı məsələ ilə bağlı Dövlət Xidmətinə, eləcə də İqtisadiyyat Nazirliyinə müraciət imkanları yaradılıb. İstehlakçılar malların keyfiyyəti, təhlükəsizliyi ilə bağlı hər hansı bir məsələ ilə qarşılaşdıqları hallarda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, eyni zamanda, Dövlət Xidmətinin 498-15-01 və 498-15-04 nömrəli telefonlarına məlumat verə bilərlər. İstehlakçıların müraciətləri operativ qaydada araşdırılır və əgər göstərilən faktlar təsdiqini tapırsa, həmin fakt üzrə tədbirlər görülür".
Nazirlik rəsmisi qeyd edib ki, ümumiyyətlə, istehlakçı fəallığının artırılması ilə bağlı mütəmadi olaraq Dövlət Xidməti maarifləndirmə tədbirləri həyata keçirir: "Həm ali təhsil müəssisələrində, həm bölgələrdə, həm də Bakıda istehlakçıların hüquqları, onların maarifləndirilməsi ilə bağlı mütəmadi tədbirlər keçirilir ki, istehlakçı fəallığı daha da artsın, öz hüquqlarının fəal müdafiəçilərinə çevrilsinlər".