BAKI, 20 sen — Sputnik. Dərman şirkətlərinin xarici valyuta ilə bağlı yaranmış problemi həllini tapıb. Bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
O, bildirib ki, Mərkəzi Banka bununla bağlı müvafiq tapşırıq verilib: "Yeni qəbul ediləcək sənədlə qaydalarda müəyyən dəyişikliklər olacaq. Dərmanların qeydiyyatı və qiymətlərin tənzimlənməsi qaydalarında müəyyən düzəlişlər olacaq. Hazırda qiymətlər bazara uyğun, həmin günə olan məzənnə ilə götürülür. Amma bunun dəyişməsi nəzərdə tutulur və müəyyən dəyişiklik olacaq. Həmin gün üçün bazarda valyutanın (dolların) real qiyməti əsas götürüləcək".
Məsələni Sputnik-ə şərh edən bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov belə bir məhdudiyyətin olmasını düzgün hesab etmir: "Bazar iqtisadiyyatıdırsa, kimə hansı qiymətlə nəyi satmağa göstəriş vermək düzgün deyil. Yəni, qanunvericilikdə bunun heç bir əsası yoxdur".
Məzənnə məsələsinə gəlincə, ekspert bunu doğru addım hesab edir: "Çünki, sahibkara deyilir ki, xaricdən aldığı dərmanı Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq manatla satsın. Halbuki, həmin sahibkar xarici valyutanı Mərkəzi Bankın məzənnəsi ilə ala bilmir. Yəni, banklar xarici valyutanı 4 faizlik fərq ilə satır".
"Hesab edirəm ki, buna görə hansısa bir bazar məzənnəsi müəyyənləşdirmək lazım deyil. Bilirik ki, onsuz da bankların maksimum satış fərqi 4 faizdir. Əgər belə bir məhdudiyyət qoymaq istəyirlərsə, onda yazsınlar ki, 4 faiz fərq ola bilər" — Ə. Həsənov vurğulayıb.
Ekspert bu addımın da məsələni həll etmədiyi düşüncəsindədir: "Çünki, biz avqustun sonu — sentyabrın əvvəlində valyuta qıtlığını gördük. Heç sahibkarlar həmin 4 faizlik fərqlə də dollar ala bilmirdilər. "Qara bazar"a üz tutmuşdular. Belə bir vəziyyət yenə təkrarlanmasa, bəlkə də haradasa bu problem həll oluna bilər. Amma qıtlıq yenə yaransa, problem olduğu kimi qalacaq. Problem köklü həll olunmalıdır. Ümumiyyətlə, belə məhdudiyyətlər qoyulmalı deyil".
Mütəxəssis sözügedən qərarın qiymətlərə təsir edəcəyini də qeyd edib: "Tutaq ki, hər hansı bir dərmanı şirkət 10 dollara alırsa, indiyədək məcbur edirdilər ki, onu Mərkəzi Bankın məzənnəsi ilə satsın. İndi də dollar 1,63-dür. Yəni, 16 manat 30 qəpiyə satsın. Bazar məzənnəsi isə indi 1,7-dir. Deməli, həmin dərmanı 17 manata sata biləcək. Bunun qiymətlərə təsiri olacaq. Qiymətlər qalxacaq".
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə hesab edir ki, sahibkarların durumunun yaxşılaşdırılması istiqamətində addım atılmasa, problemlər meydana çıxacaq. "Dövlət çalışacaq ki, sahibkarların öz fəaliyyətini davam etdirməsi üçün müəyyən şərait yaradılsın. Çünki, bu, ümumi işin xeyrinədir. Belə olmadıqca ərzaq, dərman qıtlığı yarana bilər" — o, Sputnik-ə açıqlamasında deyib.
Bununla belə, onun sözlərinə görə, manatın real gücü aşağı düşdükcə sahibkar da dərmanı bahalaşdırmaq məcburiyyətindədirlər: "Çünki, onun öz mənfəəti də olmalıdır. Problem burdadır. Ona görə də dərmanların qiymətinin artması tendensiyası davam edəcək".
"Bunun çıxış yolu qeyri-neft sektorunun inkişafından, iqtisadiyyatın şaxələndirilməsindən ibarətdir ki, manatın arxasında real istehsal vasitələri, əmtəə dayansın. Belə olan halda biz manatı öz gücümüzə saxlaya bilərik. Buna diqqət etmək lazımdır" — professor bildirib.
O, təəssüflə qeyd edib ki, bəzi dərmanların yoxa çıxma halları var: "Yəni, bunu biz müşahidə edirik. Hazırda dərman firmalarının özünün də vəziyyəti o qədər yaxşı deyil. Artıq bəzən görürsünüz ki, xəstə gedib həmin dərmanları apteklərdən tapmır. İndi müəyyən dərman çatışmazlığı tək-tük də olsa, hiss edilir, sezilir".