BAKI, 4 okt-Sputnik. 2016-cı il Nobel mükafatının "Fizika" nominasiyası üzrə qalibləri açıqlanıb.
Bu barədə məlumat Nobel Fondunun rəsmi saytında yer alıb. Məlumata görə, "Fizika" nominasiyası üzrə mükafata ABŞ alimləri David Saules (David J. Thouless), Danken Haldeyn (F.Duncan M. Haldane) və Maykl Kosterilts (J.Michael Kosterlitz layiq görülüb.
Alimlər mükafatı "Topoloji faza keçidlərinin və topoloji materiyanın fazalarının nəzəri kəşfi" sahəsindəki uğurlarına görə alıblar.
Kimya üzrə mükafat oktyabrın 5-də, Sülh üzrə oktyabrın 7-də, İqtisadiyyat üzrə isə oktyabrın 10-da elan olunacaq. Ədəbiyyat üzrə Nobel mükafatının elan olunma tarixi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Sputnik teleqraf-a istinadla xəbər verir ki, Sərdar Cəlaloğlunun müəllifi olduğu nəzəriyyə artıq gizli səsverməyə buraxılıb.
Xəbəri Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov da təsdiqləyib. O bildirib ki, Sərdar Məmmədovun (Cəlaloğlu) nəzəriyyəsi ekspert qrupunun qiymətləndirməsindən keçib və gizli səsverməyə buraxılıb: "Gizli səsvermə nəticəsində hansı elmi işin qalib gələcəyi bəlli olacaq. Eyni sahə üzrə mükafat dünya üzrə üç şəxsə verilə bilər".
Bu il Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin də namizədliyi Nobel Komitəsinə təqdim edilib.
Bəybala Ələsgərovun sözlərinə görə, bu il Azərbaycandan 4 iş ekspertlər qrupundan keçib və gizli səsverməyə buraxılıb. Bu namizədlərdən biri isə Hacı Allahşükür Paşazadədir.
Nobel mükafatına iddialı olan digər iki azərbaycanlı isə kimyaçı alim, akademik Adil Qəribov və fiziologiya üzrə professor Telman Əliyevdir.
Bəybala Ələsgərov qeyd edib ki, gizli səsvermədən sonra Nobel Mükafatına layiq görüləcək şəxslərin adı açıqlanacaq. Azərbaycan alimlərinin və ictimai-siyasi xadimlərin işləri ilk dəfədir ki, gizli səsverməyə buraxılıb.