BAKI, 3 okt — Sputnik. Kvinslend Universitetindən olan alim-ornitoloqlar quşların təkamül prosesi nəticəsində unikal özəllik əldə etdiklərini bildiriblər. Bu özəllik isə ondan ibarətdir ki, quşlar uçuş zamanı bir-birilərinə toxunmaqdan və ya bir-birilərilə toqquşmaqdan qaçmağı öyrənib.
Mütəxəssislər müşahidə ediblər ki, quşlar hətta böyük dəstələr halında uçduqda belə, heç vaxt bir-biriləri ilə toqquşmur. Sən demə, quşlar özlərinin yol hərəkəti qaydalarına çox dəqiq riayət edir və heç vaxt onu pozmur.
Tədqiqatçılar danışan tutuquşular arasında belə bir eksperiment aparıblar. Onlar quş dəstələrini darısqal tunelə buraxaraq onları bir-birinə əks istiqamətdə uçmağa təhrik ediblər. Belə testlər 100 dəfə keçirilib. Lakin onların heç birində toqquşma halı qeydə alınmayıb.
Alimlər dəqiqləşdiriblər ki, toqquşma təhlükəsi olan vaxt quşlar sağa doğru meyllənir və yaxud uçma hündürlüyünü dəyişir. Bununla bağlı əvvəllər keçirilən eksperimentlərdən bir nəticə hasil olmayıb. Quşların bu davranışlarını üzə çıxarmağa kompüter simulyasiyası kömək edib.