BAKI, 3 okt — Sputnik. Hindistanın baş naziri Narendr Modiyə poçt göyərçini vasitəsilə hədələyici məktub göndərilib. Sputnik informing-ə istinadla xəbər verir ki, bu barədə "The Times of India" nəşri məlumat yayıb.
Urdu dilində yazılmış bu məktubu daşıyan quşu sərhədçilər Pəncab ştatında yaxalayıblar. Hindistan hökuməti güman edir ki, göyərçin Hindistana Pakistan ərazisindən göndərilib.
Məktub müəllifləri yazıblar: "1971-ci ildən etibarən vəziyyət çox dəyişib. İndi hər bir uşaq əlinə silah götürüb Hindistan əleyhinə döyüşməyə hazırdır".
Analoji məktub bu ştata iki gün əvvəl də daxil olub. Onda həmin məktub hava şarı vasitəsilə göndərilmişdi.
Qeyd edək ki, sentyabr ayında Hindistan-Pakistan sərhəddində vəziyyət gərginləşib. Rəsmi Dehli bəyan edib ki, vəziyyəti Pakistan ərazisində yerləşən terrorçular gərginləşdirirlər. Pakistan isə öz növbəsində bəyan edib ki, bu adi sərhəd atışması olub və nəticədə iki pakistanlı hərbi qulluqçu ölüb.
Xatırladaq ki, 1971-ci ildə Pakistanla Hindistan arasında Hind-Pakistan müharibəsi başlayıb. Buna səbəb Hindistan tərəfinin Şərqi Pakistanda gedən vətəndaş müharibəsinə müdaxiləsi olub. Bu müharibədə Pakistan məğlub olub, Banqladeş isə müstəqil dövlətə çevrilib.