BAKI, 3 okt — Sputnik. Paytaxtın Yasamal rayonunda, Dövlət Statistika Komitəsinin qarşısında yerləşən dairəvi yol gün keçdikcə insan həyatı üçün daha da təhlükəli olmağa başlayıb. Belə ki, 7 istiqamətdən dairəyə avtomobil giriş-çıxışı olduğu üçün, yerüstü keçidlər piyadalar üçün lazım olan ehtiyacı qarşılamır.
Bu yolla hərəkət edən avtomobillər əksər hallarda qanunu kobud şəkildə pozaraq piyadaların hərəkətinə mane olur. Bu da xoşagəlməz qəzalara səbəbiyyət verir.
Sakinlər bədbəxt hadisənin yaşanmaması üçün o ərazidə yeraltı keçid tikilməsinin vacib olduğunu bildirirlər. Ayşə Rəsulova adlı paytaxt sakini Sputnik-ə bildirib ki, ətraf binalarda yaşayan əhali işə gedib-gələndə əziyyət çəkir.
"Bura Bakı şəhərinin bəlkə də ən böyük və maşınların ən sıx hərəkət etdiyi dairəvi yoldur. Altı-yeddi giriş-çıxış var bu yola. Ətraf binalarda yaşayan əhali işə gedib-gələndə əziyyət çəkir. Məcbur qalıb yerüstü piyada keçidindən istifadə edirlər, amma özünüz də bilirsiniz ki, hər sürücüdə mədəniyyət olmur. Çoxumuz burdan qaçaraq keçirik ki, hansısa sürücü qəzəblənib üstümüzdən keçər", — A. Rəsulova qeyd edib.
Digər sakin Səkinə Vəliyeva da vəziyyətdən şikayətçidir: "Uşaq məktəbdən evə qayıdana kimi narahat oluram. Çox təhlükəli dairədir. Yeddiyə yaxın giriş-çıxışı var, cəmi iki piyada keçidi çəkiblər. İnanın ki, hətta yeddisini çəksələr də, problem düzələn deyil. Allah qorusun, hər an can itkisi yaşana bilər. Bu dairəyə yeraltı keçid şərtdir. Aidiyyəti qurumlardan xahiş edirəm, bu haqda düşünsünlər və təcili iş görsünlər".
Məsələ ilə bağlı "Azəravtoyol" ASC-dən münasibət öyrənməyə çalışsaq da, zənglərimiz cavab verən olmayıb.
Mövzunu ekspert Azər Allahverənov Sputnik-ə dəyərləndirib. Onun sözlərinə görə, sözügedən dairədə təhlükə kifayət qədər böyükdür: "O yol həqiqətən də piyadalar üçün rahat deyil. Çünki həmin dairədə çoxsaylı təhlükələr var. Bir neçə istiqamətdə nəqliyyat vasitələrinin axını kifayət qədər güclüdür. Xüsusilə də, üzü "Hyatt Recens" hotelinə tərəf olan yol olduqca sıxdır".
"Ümumiyyətlə "Statistika dairəsi" yüklü ərazidir. Təbii olaraq, belə yüklənmiş ərazidə piyadalar müəyyən təhlükələrlə üzləşə bilirlər. Hətta orada nə qədər çox piyada keçidi olsa da, yenə də vətəndaşlar üçün tam rahatlıq vermir. Çünki geniş və dairəvi yol olduğu piyadalar çox böyük bir dairə məsafəni qət etməli olurlar", — ekspert əlavə edib.
Bununla belə, A. Allahverənov qeyd edib ki, "Statistika dairəsi"nin infrastrukturu yeraltı keçid inşa etmək üçün əlverişli deyil: "Açıq etiraf etmək lazımdır ki, "Statistika dairəsi"nin infrastrukturu yeraltı keçid inşa etmək üçün əlverişli deyil. Çünki ora həm mailidir, həm də ərazisi çox böyükdür".
Ekspert, sürücülərlə yanaşı piyadaların da diqqətli olmasının əhəmiyyətinə toxunub: "Məhz bu tip təhlükəli dairələrdə, ümumiyyətlə digər magistral yollarda bütün problem sürücülərin üzərinə atılmamalıdır. Piyadaların da üzərinə böyük vəzifələr düşür. Hansısa piyada yolu keçmək istəyərkən özünü anidən yola atmamalıdır. Qanun onun tərəfində olsa da, piyadanın ixtiyarı yoxdur ki, keçidi keçərkən avtomobillərin hərəkətini qəliz vəziyyətə salsın".
"Məsələn, kiminsə qəfil yola çıxaraq qarşı tərəfə yönəlməsi düzgün deyil. Çünki hərəkətdə olan avtomobil dərhal əyləcə basmağa məcbur qalanda arxadan onu izləyən digər avtomobilin zərbəsinə hədəf gəlir. Ona görə də, piyada uzaqdan gələn avtomobilə yolu keçmək istədiyini hiss elətdirməlidir", — ekspert bildirib.