BAKI, 15 sen — Sputnik. Hər il paytaxtın avtomobil yollarında baş verən yol-nəqliyyat hadisələrinin çoxu, təxminən 55%-i piyadaların vurulması ilə bağlı olur. Bu barədə Sputnik-ə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən (DİN BDYPİ) məlumat verilib.
DYP-nin məlumatında qeyd olunur ki, sözügedən qəzaların əksəriyyəti məhz piyadaların onlar üçün müəyyən olunmayan yerlərdən keçmələri səbəbindən baş verir. Bunu nəzərə alaraq, DİN Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarını, xüsusilə də piyadaları küçə və yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə və öz nümunəvi davranışları ilə uşaqlara, yeniyetmələrə nümunə olmağa çağırır.
DYP qeyd edir ki, piyada qismində hərəkət edənlər yol hərəkəti iştirakçıları arasında ən zəifi hesab edilirlər və bu zəiflik insanın fiziki və ya zehni imkanları ilə ölçülmür: "Sadəcə piyada yolun hərəkət hissəsinə çıxarkən hərəkətdə olan nəqliyyat vasitəsi ilə toqquşa biləcək real maneə olduğu üçün hərəkət edən ağır metal kütləsi ilə müqayisədə həddən artıq zəifdir."
"Təkcə paytaxtda 40-dan çox yeraltı-yerüstü, bir o qədər nizamlanan və yüzlərlə nizamlanmayan piyada keçidləri mövcuddur, yenə də piyadalarımız kütləvi şəkildə bu qaydaları pozur, nəticədə əziyyət çəkən, xəsarət alan və bəzən dünyasını dəyişənlər də məhz piyadaların özləri olurlar", — deyə DYP-nin məlumatında bildirilir.
DYP qeyd edib ki, yol polisini sürücülərlə müqayisədə piyadalara qarşı zəif mübarizə aparmaqda suçlayırlar. Amma il ərzində 140 minədək piyadanın məsuliyyətə cəlb edilməsi faktı bu fikirlərin tam əksini sübut edir və unutmaq lazım deyil ki, sürücülərin yol verdikləri qayda pozuntularının 60-70 faizi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır.
DYP-nin məlumatında həmçinin deyilir: "Aparılan təhlillər, ictimai qurumlar, qeyri hökumət təşkilatları ilə birgə keçirilən sorğular da göstərir ki, qayda pozan hərəkət iştirkçıları arasında müxtəlif yaş həddində olan insanlar var və onların böyük əksəriyyətinin bu hərəkətlə bağlı gətirdikləri arqument ya tələsməkdir, yaxud diqqət yetirməmək. Narahatedici hallardan biri də odur ki, belə piyadaların əksəriyyətinin yanında azyaşlı uşaqlar olur. Bu isə uşaqlarda kiçik vaxtlarından yol qaydalarına biganəlik kimi xoşagəlməz vərdişlərin formalaşmasına səbəb olur".
Yol polisi yaşından, mövqeyindən asılı olmayaraq hər kəsi yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb.