BAKI, 3 okt — Sputnik. Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bir qrup yerli idman jurnalisti ilə görüş keçirib. Görüş zamanı bu il Azərbaycanda ilk dəfə keçirilən Formula 1 yarışının nəticələri və növbəti il üçün hazırlıqlara dair fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, son illər ərzində ölkədə idman, turizm və mədəniyyət sahəsində aparılan böyük islahatlar iri miqyaslı beynəlxalq yarışların və tədbirlərin həyata keçirilməsi üçün əlverişli mühit yaranıb. Bunun təbii nəticəsi olaraq bu ilin yayında uğurla baş tutmuş Avropa Qran Prisi Formula 1 tarixində yeni səhifə açmaqla yanaşı, həm də Azərbaycanın, xüsusən də paytaxt Bakı şəhərinin bütün dünyada yarış həvəskarları tərəfindən daha yaxından tanınmasına öz töhfəsini verib.
Görüş zamanı qeyd edilib ki, Bakı Şəhər Halqasında keçirilmiş Avropa Qran Prisi zamanı 2016-cı il Formula 1 mövsümündə şəhər trekləri arasında ən yüksək sürət qeydə alınıb. "Williams" komandasının pilotu Valteri Bottas trekin 2,2 km olan dənizkənarı hissəsində 366 km/saat sürətlə hərəkət edərək Bakı Şəhər Halqasında keçirilən ilk yarışda ən yüksək sürəti reallaşdırıb.
Bununla yanaşı, 2016 Avropa Qran Prisində başqa bir rekord da əldə olunub. "Williams" komandası 1,92 saniyədə pit-stop əməliyyatını həyata keçirməklə Formula 1 tarixində ən sürətli pit-stop edən komanda adına yiyələnib.
N. Arpadarai növbəti il üçün artıq hazırlıqlara start verildiyini bildirib: "Ötən yay Formula 1-in Bakıya gəlişi "Odlar Ölkəsində, Sürət Zirvəsində" devizi ilə baş tutdu və yarış devizə uyğun olaraq reallaşdı. Belə ki, Azərbaycanda ilk dəfə keçirilən Avropa Qran Prisi zamanı digər şəhər trekləri ilə müqayisədə Bakı Şəhər Halqasında ən yüksək sürət qeydə alındı və həmçinin bu yarış zamanı Formula 1 tarixində ən sürətli pit-stop əməliyyatı həyata keçirildi".
"Ölkəmizdə ilk dəfə keçirilən Formula 1 yarışını Avropa Qran Prisi adlandırmaqda məqsədimiz Bakı yarışını bu idmanın ənənəvi mərkəzi və azarkeşləri ilə yaxınlaşdırmaq və eyni zamanda Bakı şəhərinin sahib olduğu bir çox Avropa dəyərlərini daha geniş beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Milyonlarla qlobal azarkeşin qarşısında paytaxtımızda ilk dəfə Formula 1 yarışını uğurla keçirdikdən sonra biz hesab edirik ki, bu yarışın adını artıq öz ölkəmiz ilə əlaqələndirməyin tam vaxtıdır. İnanırıq ki, növbəti ildən etibarən Bakıda keçiriləcək yarış Formula 1 Azərbaycan Qran Prisi (Formula 1 Azerbaijan Grand Prix) adlandırılacaq. Biz 2017-ci ildə Bakı Şəhər Halqasında keçiriləcək növbəti Formula 1 yarışını birlikdə qeyd etmək və yarış coşğusunu yaşamaq üçün sizinlə yenidən işləməyi səbrsizliklə gözləyirik", — şöbə rəhbəri vurğulayıb.