BAKI, 30 sen — Sputnik. "Vergi Məcəlləsində təklif edilən dəyişikliklərə əsasən, vergi orqanları vergi ödəyicisi olan fiziki və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edə bilər. Bununla bağlı Vergi Məcəlləsinin müvafiq maddəsinə dəyişiklik edilməsi tövsiyə edilib".
Sputnik xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında millət vəkili Ziyad Səmədzadə deyib. "İndiyədək vergi ödəyicisi olan fiziki və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra vergi orqanları həmin məhdudlaşdırmanın götürülməsi barədə 2 iş günü ərzində məhkəməyə müraciət etməli idi. Təklif edilən dəyişiklik qəbul edilərsə, vergi orqanları dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edə biləcək", — deputat qeyd edib.
Qanun layihəsi səsə qoyularaq qəbul olunub. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyəti şərtlərinin asanlaşdırılması və vergi inzibatçılığının çevikliyinin gücləndirilməsi məqsədi ilə hazırlanıb.