BAKI, 30 sen — Sputnik. "Sentyabrın 26-da Azərbaycanda keçirilən referendum demokratik və şəffaf şəraitdə baş tutub". Sputnik xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov belə deyib.
Sədrin sözlərinə görə, bu ümumxalq səsverməsi prezident İlham Əliyevin uzaqgörən siyasətinə xalqın güclü dəstəyini nümayiş etdirib: "Referendumu yerli və beynəlxalq müşahidəçilər izləyiblər"
O. Əsədov Avropa Parlamenti — Azərbaycan münasibətlərinə də toxunub: "Keçən il Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib. Bundan sonra Azərbaycan onlarla əməkdaşlığı dayandırıb. Münasibətlərin bərpa olunması üçün çox cəhdlər edilib. Azərbaycan Prezidenti Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edərkən onlara iradlarını bildirib. Əməkdaşlıq bərpa olunacağı təqdirdə belə mənfi halların baş verməsi arzuolunan deyil".