BAKI, 30 sen — Sputnik. Milli Məclisin payız sessiyasının ilk plenar iclası başlayıb. Sputnik xəbər verir ki, iclasın gündəliyinə 31 məsələ daxildir.
İclasda "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanuna (İkinci səsvermə), Milli Məclisin komitələrinin üzvlərinin seçilməsi məsələsinə, parlamentin payız sessiyasının qanunvericilik işləri planına baxılacaq.
"Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans Anadolu təbii qaz sisteminə dair" Anlaşma Memorandumunun, "Azərbaycan Respublikası Hökuməti ilə Fələstin Dövləti Hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında" Sazişin, "Azərbaycan Respublikası Hökuməti ilə İsveç Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın və onun Protokolunun, "Azərbaycan Respublikası Hökuməti ilə Malta Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın və onun Protokolunun, "Azərbaycan Respublikası ilə QİSÇ, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond arasında" Çərçivə Sazişinin təsdiq edilməsi haqqında qanun layihələri müzakirə ediləcək.
İclasda "Meliorasiya və irriqasiya haqqında", "Mədəniyyət haqqında", "Mühasibat uçotu haqqında", "Poçt haqqında", "Dövlət rüsumu haqqında", "Reklam haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Aviasiya haqqında", "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.
Bundan başqa, "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə", "Yol hərəkəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Dövlət qulluğu haqqında" qanunlarda, Mülki Prosessual, İnzibati Xətalar, Cinayət-Prosessual, Vergi Məcəllələrində dəyişikliklər müzakirə ediləcək.
İclasda "Kredit büroları haqqında" qanun layihəsinə, Avropa Parlamenti ilə Milli Məclis arasında əməkdaşlıq məsələlərinə baxılacaq.