BAKI, 30 sen-Sputnik. Sentyabrın 28-də vəfat edən İsrailin sabiq baş naziri və 9-cu prezidenti Şimon Peres təntənəli surətdə dəfn edilib.
Sputnik-in məlumatına görə, Peres Yerusəlimdəki Baş Milli Qəbiristanlıqda torpağa tapşırılıb.
Ondan əvvəl isə dünyasının məşhur şəxslərinin və onu sevənlərin Pereslə vida mərasimi keçirilib.
Vida mərasiminə on minlərlə insan qatılıb. Mərasimdə 20 ölkəni dövlət və hökumət başçısı, 15 ölkəni xarici işlər naziri təmsil edib. Dəfn mərasiminə qatılanlar arasında onlarla sabiq dövlət başçısı da olub.
Dəfndə Azərbaycanı baş nazirin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Mərasimə ümumilikdə xarici ölkələrdən 3 min nəfər qatılıb.
Mərasimin gedişində təhlükəsizliyin təmin olunması üçün İsrailin təhlükəsizlik orqanlarının 7 min əməkdaşı cəlb olunub.
Qeyd edək ki, 93 yaşlı Peres 13 sentyabr 2016-cı il tarixində tromb səbəbəbindən beyninə qan sızması nəticəsində Şiba Tibb Mərkəzinə yerləşdirilmişdi. Həkimlər onun vəziyyətini ağır, lakin stabil qiymətləndirirdilər. Sentyabrın 27-də onun səhhətində ciddi pisləşmə qeydə alınıb və o, yaxınlarının əhatəsində vəfat edib.