BAKI, 28 sen — Sputnik. İsrailin görkəmli dövlət xadimi, sabiq baş naziri və 9-cu prezidenti (2007-2014) Şimon Peres sentyabrın 27-si gecə saatlarında Təl-Əvivdə dünyasını dəyişib.
93 yaşlı Peres 13 sentyabr 2016-cı il tarixində tromb səbəbəbindən beyninə qan sızması nəticəsində Şiba Tibb Mərkəzinə yerləşdirilmişdi. Həkimlər onun vəziyyətini ağır, lakin stabil qiymətləndirirdilər. Sentyabrın 27-də onun səhhətində ciddi pisləşmə qeydə alınıb və o, yaxınlarının əhatəsində vəfat edib.
Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, Şimon Peres ölümündən əvvəl könüllü olaraq bütün orqanlarını bağışlayıb. Bunu onun həkimi və kürəkəni Rafi Valdman açıqlayıb. Valdman bildirib ki, ailəsi ölümündən sonra onun gözlərinin buynuz qişasının transplantasiyasına icazə verib.
Şimon Peres 1923-cü il avqust ayının 2-də Polşanın Volozin əyalətinin Vişneva rayonunda (hazırda Belorus ərazisidir) anadan olub. O, İsrailin sayca 9-cu prezidentidir. 1959-cu ildən 2006-cı ilə qədər dəfələrlə İsrail parlamenti Knessetə üzv seçilib.
"Avod" (Fəhlə) Partiyasının lideri olub. 1994-cü ildə Yasir Ərəfat və İsaak Rabinlə birlikdə Nobel sülh mükafatına layiq görülüb. 2008-ci ilin noyabrında isə Böyük Britaniya Krallığı tərəfindən "Böyük xaç" cəngavər ordeni ilə təltif edilib.