Səudiyyə Ərəbistanının davranışları OPEC-in baş tutacaq qeyri-rəsmi görüşü öncəsi istehsal həcminin dondurulması ilə bağlı gözləntilərin azalmasına səbəb olub. Ölkənin enerji naziri Xalid al-Falih bildirib ki, toplantı müzakirə xarakteri daşıyır. OPEC-ə üzv dövlətlər Beynəlxalq Enerji Forumunda iştiraklarından əlavə olaraq qeyri-rəsmi formada aşağı neft qiymətlərinin yenidən artırılması imkanlarını müzakirə etmək üçün görüşəcək.
Eyni zamanda, OPEC-ə üzv olmayan Rusiya ilə görüş də planlaşdırılır. Dünya enerji birjalarında 2014-cü ildən etibarən təklifin artması ilə neft qiymətləri iki dəfə ucuzlaşıb. Qiymətlərin yenidən bahalaşdırılması məqsədilə Rusiya və Səudiyyə Ərəbistanı istehsal həcminin azaldılması ilə bağlı təklif irəli sürüb.
"Reuters"in məlumatına görə, Səudiyyə Ərəbistanı buna İranın da istehsal səviyyəsini azaltması fonunda razılaşacaq. Lakin İran neft hasilatını məhdudlaşdırmayacaq, əksinə hasilat həcmini sutkada 4 mln. barelədək artırmaq niyyətindədir. İranın neft naziri Bijan Namdar Zanqane bildirib ki, ölkə günlük istehsal həcmini 3,6 milyon bareldən 4,1-4,2 milyon barelə kimi artırmağı planlaşdırır.
"Biz OPEK-in görüşündə saziş imzalamağa can atmırıq. İran neft hasilatını məhdudlaşdırmayacaq və hasilat həcmini sutkada 4 mln. barelədək artırmaq niyyətindədir", — deyə nazir qeyd edib.
İqtisadçı ekspert Vüqar Bayramlının sözlərinə görə, İranla Səudiyyə Ərəbistanı arasındakı bu fikir ayrılığı birbaşa neft təklifinə təsir edir: "2017-ci ildə neftə olan tələbin kəskin artması proqnozlaşdırılmır. Beynəlxalq Enerji Agentliyinin də hesabatında qeyd olunub ki, 2017-ci ildə dünyada enerjiyə və neftə tələbin artması müşahidə edilməyəcək".
Ekspertin fikrincə, neft istehsalı müzakirə olunduğu səviyyədə dondurulsa belə, yenə neft bolluğu müşahidə ediləcək: "Bu gün OPEK daxilində olan fikir ayrılığı 2017-ci ildə təklifin artacağından xəbər verir. Təklifin artması isə neftin qiymətinin aşağı səviyyədə qalacağından xəbər verir".
İqtisadçı ekspert Fariz Quliyevin sözlərinə görə isə, İran bazarı tələb-təklif baxımından Səudiyyə bazarı qədər geniş həcmə malik deyil: "Səudiyyənin istehsalı azaltması mövsümi xarakter daşıyır: qış müddətində istehsalı artırır, yayda isə həmişə azaldır. Ona görə belə çıxır ki, Səudiyyənin istehsalı azaltması qiymətlərin artmasına xidmət etməyəcək. Bu iki hökumət arasındakı qarşıdurma neftin qiymətinin qalxmaması ilə nəticələnəcək".
Ekspertlərin də sözlərindən göründüyü kimi, neftin qiymətində ciddi bir dəyişiklik gözlənilmir. 2017-ci ildə neftin qiyməti indiki kimi, 40-50 dollar ətrafında dəyişəcək.