BAKI, 29 sen — Sputnik. Mərkəzi ofisi ABŞ-da yerləşən "SpaceX" kosmos araşdırmaları şirkəti "Marsın koloniyalaşdırmasına" kömək edəcək planını ictimaiyyətə açıqlayıb. Sputnik BBC-yə istinadla xəbər verir ki, Meksikada keçirilən beynəlxalq konfransda çıxış edən "SpaceX"in qurucusu Elon Musk bu məqsədə xidmət edəcək bir raket sistemini inkişaf etdirməyi planlaşdırdıqlarını söyləyib.
"SpaceX" NASA-nın aya göndərdiyi "Saturn 5"dən 3 qat daha böyük bir raket istehsal etmək istəyir. "Saturn 5" NASA tərəfindən 1961-1975-ci illər arasında aya göndərilmişdi.
Elon Musk istehsal edəcəkləri yeni raket mühərriki ilə Mars planetinə 80 günə getməyin mümkün olacağını, zamanla bu müddətin 30 günə qədər düşə biləcəyini söyləyib. Onun sözlərinə görə, 2022-ci ildə keçirilməsi gözlənilən sınaq səfərindən sonra Marsa insan aparacaq kosmos vasitəsi 2024-cü ildə yola düşə biləcək.
100 nəfərlik qruplar halında Marsa getmək istəyənlər 200 min dollar ödəyəcəklər. Bu ödəniş zamanla 140 min dollara, hətta 100 min dollara düşə biləcək.
Elon Musk zamanla layihənin inkişaf edəcəyini və "koloniyalaşdırılacaq" Marsda 1 milyon insanın yaşaya biləcəyini bildirib. Ancaq Musk bu prosesin 100 ildə tamamlana biləcəyini qeyd edib.