BAKI, 28 sen — Sputnik. Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Sputnik president.az-a istinadən xəbər verir ki, prezident İlham Əliyev xanım Marqarita Popovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan-Bolqarıstan ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın dostluq münasibətlərinə əsaslandığını bildirdi. Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd edən Prezident İlham Əliyev qonağın V Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirakının önəmini vurğuladı. İki ölkə arasında humanitar sahədə əməkdaşlığın da uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bu yaxınlarda Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə mühüm bir tədbirin keçirildiyini qeyd edərək Bolqarıstan hökuməti, Baş naziri və digər rəsmi şəxslər tərəfindən göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev bu tədbirin ölkələrimiz arasında mövcud olan sıx əlaqələrin göstəricisi olduğunu və yaxın tərəfdaşlığı davam etdirmək niyyətini nümayiş etdirdiyini vurğuladı.
Bolqarıstanın vitse-prezidenti Marqarita Popova Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan hökumətinin təşkilatçılığı ilə keçirilən V Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə minnətdarlığını ifadə edərək səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirdi. Qonaq indiki dövrdə beynəlxalq aləmdə mövcud olan gərginlik fonunda Azərbaycanda belə bir tədbirin keçirilməsinin əhəmiyyətini qeyd etdi. Ölkəmizin artıq bir neçə ildir ki, təşkil etdiyi Ümumdünya Mədəniyyətlərarası Forum, Humanitar Forum kimi beynəlxalq tədbirlərin böyük önəm daşıdığını deyən Bolqarıstanın vitse-prezidenti bu tədbirlərin getdikcə daha çox siyasi əhəmiyyət qazandığını vurğuladı.