Suriya rejimi Hələbə qarşı yeni əməliyyat olacağını keçən həftə elan etmişdi. Sentyabrın 19-dan bəri isə Hələbdə ölənlərin sayı 230-u keçib.
Rusiyanın BMT-dəki səfiri Vitali Çurkinin dediyinə görə, Suriya qüvvələri Hələbdəki terrorçulara qarşı əməliyyat aparıb, sakinlər arasında itkinin mümkün qədər az olmasına çalışıb. O, bombardımanda Rusiyanın da iştirak edib-etməməsi barədə bir söz deməyib. Çurkin vəziyyətə görə Suriyadakı müxalif silahlı qruplaşmaları günahlandırıb və Suriyada sülhün bərpasının yerinə yetirilməsinin qeyri-mümkün olan tapşırığa çevrildiyini bildirib.
Səfirin sözlərinə görə, Rusiya daha Suriya üzrə birtərəfli addımlara razı olmayacaq. Suriyada atəşkəsin dayandırılması müzakirə olunarkən Dəməşqin birtərəfli olaraq hərbi-hava uçuşlarının dayandırılması tələbi ortaya çıxmışdı.
"Əvvəl üç günlük dedilər və biz razı olduq. Sonra ABŞ prezidentinin fikrini dəyişdiyini və yeddi günün lazım olduğunu dedilər. Belə taktiki oyunlar daim davam edə bilməz. Bundan sonra biz birtərəfli addımlara razı olmayacayıq", — deyə o bildirib.
"Suriyanın sülhə qaytarılması, demək olar ki, qeyri-mümkün məsələ olub, çünki ölkədə yüzlərlə silahlı qruplaşma fəaliyyət göstərir. Bundan başqa, tənbəllik etməyən hər kəs onun ərazisini bombalayır", — deyə Çurkin əlavə edib.
Onun sözlərinə görə, ABŞ-ın başçılıq etdiyi koalisiya hələ də Manbij şəhərinə iyul ayında edilən hücumun nəticələri haqda məlumat təqdim etməyib: "Bu hücum nəticəsində onlarla vətəndaş həyatını itirib".
BMT Təhlükəsizlik Şurasının iclasının yekun nəticələri haqda isə Çurkin bildirib ki, Rusiya və ABŞ-ın Suriya üzrə müqaviləsi pozulmayıb: "Lakin Vaşinqton öz mövqelərini dəyişməyə davam edərsə, ciddi prosesi davam etmək çətin olacaq. Biz öz mövqeyimizi aydın ifadə etmişik. Bizə yalansız, insanların öz şərtlərini hər iki gündən bir dəyişmədiyi ciddi bir proses lazımdır. Razılaşma baş tutub və lazım olan yeganə şey — mövqe dəyişilməsi əvəzinə razılığın həyata keçirilməsidir. Onlar bunu etməyə davam edərlərsə, ciddi bir proses baş tutmayacaq".
Qeyd edək ki, Rusiya hava hücumları üçün Suriyadakı hədəfləri diqqətlə araşdırdığını dəfələrlə bəyan edib. Onun Suriyanın mülki obyektlərinə hərbi zərbələr endirdiyi haqda ittihamlar isə heç vaxt öz təsdiqini tapmayıb.