BAKI, 26 sen — Sputnik. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov, ABŞ və İngiltərənin BMT-dəki təmsilçilərinin ölkəsinə qarşı işlətdiyi ifadələrin qəbuledilməz olduğunu bildirib. Sputnik xəbər verir ki, Suriyanın Hələb şəhərində davam edən mülki qətliamı qınamaq üçün təcili toplanan BMT Təhlükəsizlik Şurasında çıxış edən ABŞ təmsilçisi Samanta Pauer və britaniyalı həmkarı Mateo Raykroft Rusiyanı sərt tənqid edərək, rus ordusunu Bəşər Əsəd rejimi ilə birgə kütləvi qırğın törətməkdə təqsirləndirib.
"Rusiyaya olan inam demək olar ki, artıq puç olub. Suriyada sülh yaratma missiyası yürütdüyünü iddia edən bir ölkə necə sivil vətəndaşları bombalaya bilər?! Təəssüf ki, Moskva Əsəd rejimi ilə əlbir olaraq Hələbdə kütləvi qətliam törədir", — deyə Samanta Pauer çıxışında deyib.
Amerikalı təmsilçinin çıxışını şərh edən Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə deyib: "Bu cür ritorikalardan qaçmağı məsləhət görürəm. Çünki belə bəyanatlar ikitərəfli əlaqələrimizi korlaya bilər. Lakin bu cür bəyanatlara rəğmən, Kreml Suriyada sülhün əldə olunması ümidini itirmir".