BAKI, 26 sen — Sputnik. Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü ilə muzeyin "Açıq qapı" günü çərçivəsində "Ailə günü" adlı tədbir təşkil olunub. Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsulun Sputnik-ə verdiyi xəbərə görə, "Ailə günü" tədbirinin keçirilməsində məqsəd valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası ölkə mədəniyyət və incəsənətini tanıtmaqdır.
Qeyd edək ki, Azərbaycan Xalça Muzeyində "Ailə günü" tədbirinin hər ayın son şənbəsi "Açıq qapı" günü çərçivəsində saat 11:00-dan 19:00-dək keçirilməsi nəzərdə tutulub. İştirakçılara tədbirdə boşqab üzərində rəsm çək, dibçək qablarını rənglə, qolbaq düzəlt, "Tilda" kuklasını yarat, Yekaterina Kirçu ilə yumşaq oyuncaq hazırlayaq, çay daşları üzərində rəsm çək, öz xalçanı yarat (kompyuter oyunu), pazlı yığ, mini-ekskursiyalar (geyim və tikmə; xalça məmulatları, saxsı və mis qablar; xalçalar üzərində zərdüşlük motivləri), nağıl saatı — uşaq yazıçısı Gülzar İbrahimovanın nağıl dünyasına səyahət, Bakı Uşaq Teatr əməkdaşlarının iştirakında nağıl qəhrəmanları ilə əylən, Azərbaycan cizgi filmləri və HUMEL Psixologiya Mərkəzi ilə birlikdə ailə gerbini yarat — psixokorreksiya metodikası olaraq ailə daxili münasibətlərin möhkəmləndirilməsi, valideyn-övlad, qadın-kişi münasibətlərinin yaxşılaşdırılması və digər bir-birindən maraqlı proqramlar təqdim olunub.
Həmçinin məhşur memar Elçin Əliyev uşaqlara Abşeron memarlığının tarixindən danışıb. Sonra uşaqlar Bakı-Abşeron abidələrindən birini çəkib və Elçin müəllimin seçidiyi ən yaxşı 5 rəsm əsərinin müəllifinə mükafatlar təqdim edib.