BAKI, 18 may — Sputnik. “Beynəlxaq muzeylər günü” münasibətilə Saatlı şəhərində keçirilən “muzey həftəsi”nə yekun vurulub.
Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Milli Elmlər Akademiyasının, YUNESKO üzrə Milli Komissiyanın və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun birgə təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində Saatlı rayonundakı ümumitəhsil məktəblərinin şagirdləri üçün “Muzeylər və multikultiralizm” mövzusunda proqram təqdim edilib.
“Bilik” fondunun Saatlı rayonu üzrə təmsilçilərindən biri, akademik Oktay Məmmədovun, tarixçi alim Mirhadı Ağayevin Azərbaycanda multikultiralizm və tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasəti və gənc nəslin bu ruhda yetişdirilməsi mövzusunda maarifləndirici mühazirələri dinlənilib. Tədbirdə bağça və məktəb yaşlı uşaqlar tərəfindən müxtəlif xalqların rəqsləri ifa edilib. Bundan sonra iştirakçılar muzeyin eksponatlarına tamaşa edib.
Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürəyya Məmmədova sputnik-ə açıqlamasında mədəniyyət müəssisəsi barədə qısa məlumat verib:
“Muzeyimiz 1983-cü ildə yaradılıb. Bir qərinə ərzində topladığımız eksponatların sayı 10 min ədədə yaxındır. Burada eramızdan əvvəlki dövrlərdən başlamış ən yaxın tariximizədək xeyli sayda tapıntı, xüsusilə Kür-Araz mədəniyyətinə aid qiymətli nümunələr var.”
O, muzeydə başqa xalqlara, din və mədəniyyətlərə aid eksponatların da az olmadığını dilə gətirdi: “Bu, əslində xalqımızın tolerant olmağının göstəricisidir. Saatlıda yaşamış azsaylı xalqlar, etnoslar yerli əhali ilə birgə mehriban münasibətdə olub. Onlar öz dillərində danışıb, öz adət-ənənələrini, mədəniyyətlərini qoruyublar.”