BAKI, 23 sen — Sputnik. Azərbaycanda məzarlıqlarla bağlı yeni qaydaların qanun layihəsi formasında Milli Məclisdə baxılmasına ehtiyac olmadı. Məsələ Nazirlər Kabineti tərəfindən həll olunub və yaxın zamanlarda qərar layihəsi kimi açıqlanacaq.
Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, müəyyən detallar aydınlaşandan sonra rəsmi sənəd açıqlanacaq: "Hər şey ölçülüb-biçilməlidir. Burada şəhidlərimizin məzarları var, tanınmış şəxslərin məzarları var. Məsələn, yazıçı, şair və sair. Daha sonra yerlərin ayrılması, məzarlıqların kimin idarəsinə verilməsi məsələsi var. Bələdiyyəyə verəkmi, yoxsa ayrıca qurum yaradaq? Bu məsələlər artıq yekunlaşmaq üzrədir. Yekunlaşan kimi açıqlanacaq. Ən ucuz qiymətə, eyni standartda olan məzarlar olacaq".
"Məzarlıqlar su hövzəsindən ən azı 300 metr kənarda salınacaq. Səbəb meyitin torpağa qarışdıqdan sonra suya sirayət etməsidir ki, buna yol vermək olmaz. Tibbi qaydalar nəzərə alınacaq. Elə xəstələr var ki, onları basdırmaq olmaz, nəşi yandırılmalıdır. Çünki elə xəstəliyin daşıyıcısı ola bilər ki, torpağa qarışdıqdan sonra yayılma ehtimalı böyük ola bilər. Ona görə layihədə təhlükəli xəstəlik daşıyıcısı olan ölənin nəşinin yandırılması məsələsi də əksini tapıb", — deputat vurğulayıb.
Teoloq Elşad Miri layihədə nəzərdə tutulan, meyitin yandırılması məsələsini düzgün hesab etmir. "Peyğəmbərin dövründə böyük bəlalardan biri kimi qəbul edilən taun xəstəliyi var idi. Amma bunun yoluxucu xəstəlik olmasına baxmayaraq, heç bir zaman bu insanların yandırılması ilə bağlı nə bir qərar, nə də bir hökm var. O insanlar da dəfn edilirdi. Bir insan özünün yandırılmasını istəmirsə, normal bir şəkildə dəfn edilməsini istəyirsə, buna qarşı necə gəlmək olar? Ona görə də bu, yanaşma doğru deyil", — o, Sputnik-ə açıqlamasında bildirib.
Dünşünas yoluxucu xəstəliklərin torpağın altından yayılma ehtimalını real hesab etmir: "Hindistanda yoluxucu xəstəlik olub-olmamasına baxmayaraq meyiti yandırırlar. Onda bu məntiq ilə belə çıxır ki, Hindistanda heç bir yoluxucu xəstəlik olmamalıdır. Amma bu gün Dünya Səhiyyə Təşkilatı heç də bunu təsdiq etmir. İnsanın normal olaraq torpağa dəfn edilməsi daha yaxşıdır. Çünki, torpağa basdırılanda o demək deyil ki, oradakı xəstəliklər hamısı üzə çıxacaq, insanlar yoluxub öləcəklər".
Digər müddəalara gəlincə, E. Miri ilə dində başdaşı anlayışının olmadığını deyib: "Sadəcə bir insan vəfat edəndə onun baş tərəfinə adi bir daş qoyulur. Eyni standartda məzarların olması o baxımdan yaxşıdır ki, cəmiyyət, insanlar arasında mövcud olan bəhsin aradan qaldırılmasına şərait yarada bilər. Eyni şəkildə dəfn olunma yaxşı ola bilər. Ümid edirəm ki, bu, başqa bir korrupsiyaya səbəb olmasın. Yəni, özəl məzarlıqlar olsun, hər kəsi istədiyi kimi başdaşı, sinədaşı qoysun".
Məsələni Sputnik-ə şərh edən tibb mütəxəssisi Rasif Bağırov meyitin yandırılmasını vacib hesab etmir: "Ağır infeksion xəstəlikləri, hansının təhlükə yarada biləcəyini Səhiyyə Nazirliyi müəyyənləşdirir. Xarici ölkələrdə həmin xəstəliklərdən ölənlərin torpağa tapşırılması adi qaydada olmur. Bunlara dərmanlar, dezinfeksiyaedici maddələr vurulur, sonra torpağa tapşırırlar".
"Yəni, sonradan basdırılan insandan hansısa bir infeksiya torpağa, müəyyən bir yerə çıxmasın. Bunun qarşısını almaq üçün müəyyən tədbirlər görülür. Qısası, meyiti yandırmaq vacib deyil. Dezinfeksiyaedici maddələr yolu ilə bunu həll etmək olar", — ekspert söyləyib.
R. Bağırovun sözlərinə görə, infeksiyaların yayılması xətalıdır: "Bu, yayılanda onun qabağını almaq çox çətin olur. İnfeksion xəstəlikdən ölənlərin böyük əksəriyyəti həmin o dezinfeksiya qaydalarından keçməlidir. Sadəcə, bu günləri demək olar ki, bu xəstəliklərə tutulanlara heç rast gəlinmir, çox az olur. Ona görə də müəyyən tədbirlərin görülməsinə də ehtiyac qalmır".