BAKI, 23 sen — Sputnik. BMT-nin 71-ci Baş Assambleyasının yığıncağı Fələstin prezidenti Mahmud Abbas ilə İsrail Baş naziri Binyamin Netanyahu arasında söz duelinə səhnə olub. Mahmud Abbas bildirib ki, işğal altındakı torpaqlarda olan yəhudi yaşayış məntəqələri iki dövlətli həll yoluna olan ümidləri öldürür.
Sputnik-in xəbərinə görə, Fələstin lideri deyib ki, İsrailin yəhudi yaşayış məntəqələrini genişlətmə planları, 1967-ci ildən öncəki sərhədlər çərçivəsində iki dövlətli həll planına zərbə vurur və o planı məhv edir: "Yəhudi sakinlər sanki bir terror qrupu kimi hərəkət edirlər. Fələstinli ailələrə hücumlar olur. Təhlükəsizlik Şurasında yəhudi sakinlərin törətdiyi terroru və yaşayış məntəqələri haqqında qərar qəbul etdirmək üçün bütün gücümüzü ortaya qoyacağıq".
Fələstin prezidenti çıxışında İsraili fələstinlilərə qarşı etnik təmizləmə aparmaqda günahlandırıb və Fələstin xalqının müvəqqəti həll yollarını qəbul etməyəcəyini bildirib. İsraili müstəmləkəçilik və təcavüzkarlıqda günahlandıran Mahmud Abbas deyib: "İsrail gerçəkdən sülh istəyirmi? Tətbiq etdiyi siyasətdən əl çəkməyə hazırdırmı? Bu ölkə atəşlə oynayır. Bunun axırı nə olacaq, məlum deyil".
M. Abbas Fələstin torpaqlarında yəhudilərə bir dövlət vəd edən "Balfour bəyannaməsi"nin üzərindən, təqribən 100 il ötdüyünü xatırladaraq, bununla bağlı Britaniyanı Fələstin xalqından üzr istəməyə çağırıb.
İsrailin Baş naziri Binyamin Netanyahu isə Abbasın "əslində sülh istəmirlər, tək dövlət istəyirlər" barədəki ittihamı qarşısında Fələstin liderini İsrail parlamentində çıxış etməyə dəvət edib. Netanyahu özünün də Fələstin parlamentində çıxış edə biləcəyini söyləyib.
Yəhudi yaşayış mərkəzlərinə dair ittihamlara ötəri cavab verən Netanyahu "fələstinlilərlə aramızda olan əsas məsələ bu deyil" bildirib.